• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

"Bakıelektrikşəbəkə" ASC-nin Mətbuat xidmətinin məlumatı

Paylaşma tarixi: 03 dekabr 2014


Son günlər bəzi kütləvi informasiya vasitələrində  Qaradağ rayonu ərazisindəki daş karxanalarında  sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup şəxsin “Bakıelektrikşəbəkə”ASC-nin əməkdaşları tərəfindən hüquqlarının pozulması barəsində  şikayət ərizələri dərc edilmişdir.Şikayət ərizəsi SC-in mütəxəssisləri tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, həmin şəxslərə məxsus daş karxanasının enerji təchizatı Qızıldaş qəsəbəsində yerləşən 501 saylı yarımstansiyadan çəkilmişdir.Əsas istehlakçı “Proqress” firmasının balansında olan, ümumi uzunluğu 30 km-lik  6 kV-luq xətdən təmin edilir. “Proqress” firmasının balansında olan xətt vasitəsi ilə ötürülən elektrik enerjisinə görə hesablaşmalar 501 saylı yarımstansiyada quraşdırılmış 94454 saylı sayğacla aparılır. “Proqress” firmasının  balansında olan xəttə qoşulmuş subabonentlərin hər biri ilə “Bakıelektrikşəbəkə” ASC  arasında  elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmışdır.  


“Proqress” firması ilə “Bakıelektrikşəbəkə” ASC arasında aparılan hesablaşmalar zamanı xətdən qidalanan daş karxanasının elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçı olan “Proqress” firmasının sərfindən çıxılmaqla aparılır.


Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar “Proqress” firmasının elektrik şəbəkəsindəki  enerji itkiləri (texnoloji sərfiyyat), subabonentlər arasında  istehlak paylarına mütənasib bölünməklə aparılır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğundur.


Belə ki, “Qaydalar”ın 1.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. “Qaydalar”ın 1.5-ci bəndinə görə girişləri enerjitəchizatı müəssisəsinin balansında olan istehlakçıya məxsus paylayıcı qurğulardan iki və daha artıq başqa istehlakçıya elektrik enerjisi verildikdə, enerjitəchizatı müəssisəsinə onlarla bilavasitə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaq və elektrik enerjisinə görə hesablaşmalar aparmaq hüququ verilir. Həmin “Qaydalar”ın  7.13-cü bəndinə əsasən subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir.


     Daş karxanalarının enerji təchizatını həyata keçirən elektrik verilişi xətləri istismara tam yararsız olduğundan enerji itkiləri normadan dəfələrlə artıqdır və qüvvədə olan normativ-hüquqi aktların tələblərinə əsasən şəbəkənin mövcud vəziyyətində elektrik enerjisi verilə bilməz. Balanslarında olan xətlərin yenilənməsi məqsədi ilə “Bakıelektrikşəbəkə” ASC-nin  müvafiq qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə və həmin nöqsanların aradan qaldırılmasına dair Tələbnamələr verilməsinə baxmayaraq qeyd olunan şəxslər tərəfindən heç bir tədbir görülmür.


Şikayətdə adları göstərilən şəxslərlə texnoloji itkilər “Qaydalar”ın 1.4, 1.5 və 7.13-cü bəndlərinə müvafiq abonentin və subabonentin  istehlak etdikləri  elektrik enerjisinin miqdarına  uyğun  bölünməklə aparıldığından və enerji haqları istehlakçılar tərəfindən  “Bakıelektrikşəbəkə” ASC-nin bank hesabına ödənildiyi üçün Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsi əməkdaşlarının hərəkətləri qanuni və əsaslı olmuşdur.   


Araşdırmanın nəticəsinə dair şikayətçilərə yazılı cavab verilməklə, tərəflər arasında hər hansı bir anlaşılmazlığın yaranmaması üçün onlara  müvafiq qaydada texniki şərtin alınması və əsas istehlakçı kimi  birbaşa 501 saylı yarımstansiyaya  qoşulması  təklif olunmuşdur.


      “Bakıelektrikşəbəkə” ASC 2006-cı ildən keçən qısa müddət ərzində Bakı şəhərinin elektrik şəbəkəsinin modernləşməsi,əhalinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması istiqamətində xeyli işlər görmüşdür. Görülən işlər dövlət başçısı tərəfindən də dəfələrlə təqdirəlayiq hal kimi qeyd olunmuşdur. Şəbəkələrin yenidən qurulması, təmir-bərpa işlərinin həyata keçirilməsi nəticəsində abonentlər də ötən illərə nisbətən daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunduqlarını hər fürsətdə bəyan edirlər. Bütün bunlara baxmayaraq bəzi kütləvi informasiya vasitələri  Səhmdar Cəmiyyət tərəfindən aparılan irimiqyaslı yenidənqurma işlərinə əsassız müdaxilə edir, gördüyümüz işlərə kölgə salır, yazdıqları şantaj xarakterli, qərəzli, həqiqətə uyğun olmayan məlumatlarla içtimaiyyəti çaşdırmağa çalışırlar.