• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Bakıelektrikşəbəkə” ASC-də kadr siyasəti

Paylaşma tarixi: 03 fevral 2014


Müəssisənin effektivliyi, qarşıya qoyulmuş məqsəd və vəzifələrə nail olması öz işçilərinin motivasiyasından, səviyyəsindən, istedadından və peşəkarlığından optimal dərəcədə faydalanmaqdan çox asılıdır.

 

Məlumdur ki, insan resurslarının idarə edilməsi təşkilati idarəetmənin ən vacib komponentlərindəndir. Müəssisənin effektivliyi, qarşıya qoyulmuş məqsəd və vəzifələrə nail olması öz işçilərinin motivasiyasından, səviyyəsindən, istedadından və peşəkarlığından optimal dərəcədə faydalanmaqdan çox asılıdır. Bu baxımdan təşkilati-hüquqi formasından asılı olmayaraq hər bir müəssisə öz işçi heyəti üçün namizədlərin cəlb edilməsi və seçimi, onların təlimləndirilməsi və inkişafı,  bərabər imkanların yaradılması kimi məsələlərdə ən yaxşı idarəetmə praktikasını tətbiq və təşviq etməlidir.

 Bu prinsipləri rəhbər tutan və korporotiv idarəetmənin ən mütərəqqi metodlarını tətbiq edən “Bakıelektrikşəbəkə”Açıq Səhmdar Cəmiyyəti paytaxtın elektrik şəbəkəsinin İnkişaf proqramında əhəmiyyətli yer almış və şəbəkənin əsas hərəkətverici qüvvəsi olan kadr strategiyasının əsas məqsədini  paylayıcı elektrik şəbəkəsini dünya standartları tələblərinə uyğun olaraq formalaşdırmaqda, “Bakıelektrikşəbəkə”ASC-də aparılan yenidənqurma işlərinin əsas prioritetlərini ölkənin sosial-iqtisadi inkişafına  uyğunlaşdırmaqda, şəbəkənin modernləşmiş və təkmilləşdirilmiş maddi-texniki bazasını  idarəedəcək  yüksək ixtisaslı kadrları hazırlamaqda görür.

  Bu məqsədlə  kadr siyasətinin həyata keçirilməsi  üçün Səhmdar Cəmiyyətin rəhbərliyi fəaliyyətə başladığı ilk dövrdə bir sıra  xüsusi tədbirlər həyata keçirmişdir ki, bu tədbirlər  çərçivəsində verilmiş   27.11.2006-cı il tarixli, Ü-06-025 saylı əmrə əsasən şəbəkədə çalışan şəxsi heyətin peşə hazırlıqlarının yoxlanılması üçün “Müsabiqə Komissiyası” yaradılmış, işçilərin bilik  və peşəkarlıq səviyyələri Komissiya tərəfindən  müəyyən edilərək kadr siyasətinin əsas istiqamətləri müəyyən olunmuşdur.

Səhmdar Cəmiyyətin  kadr siyasətinin həyata keçirilməsində bir-biri ilə bağlı  iki əsas istiqamət müəyyən olunmuşdur ki, bunlardan birincisi Səhmdar Cəmiyyətdə işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsidir. Bu məqsədlə    21.11.2007-ci il tarixli, Ü-07-0339 saylı əmrə əsasən  Səhmdar Cəmiyyətdə “İşə Qəbul Komissiyası” yaradılmış və bu Komissiyanın fəaliyyətini tənzimləyən “İşə Qəbul Qaydaları” təsdiq edilmişdir.  Bu prosedurun  tətbiq edilməsində   əsas  məqsəd  işə qəbulun şəffaf şəkildə həyata keçirilməsi, vakant yerlərə ən münasib namizədlərin seçilib, qəbul edilməsi və vəzifənin tələb etdiyi müvafiq biliyə, təcrübəyə və peşəkarlığa malik, “Bakıelektrikşəbəkə” ASC-nin dəyərlərini mənimsəyə biləcək, bu dəyərləri yaşadacaq və inkişaf etdirəcək şəxslərin işə qəbul edilməsidir.

          Səhmdar Cəmiyyətin  “İşə Qəbul Qaydaları”na əsasən vakant vəzifələrin tutulması üçün ilk növbədə daxili ehtiyatların nəzərdən keçirilməsi və qiymətləndirilməsi əsas şərtlərdəndir. Bu məqsədlə Səhmdar Cəmiyyətdə işləyən və yüksək iş qabiliyyətinə malik olan, işində ümidverici və  perspektivli görünən, iş qabiliyyəti  vakant vəzifəyə uyğun gələn kadrlar seçilərək müvafiq  vəzifələrə təyin edilir, həmçinin onların vəzifədə  irəli çəkilmə imkanları təhlil edilir.  Bu siyasətin həyata keçirilməsində məqsəd Səhmdar Cəmiyyətdə işləyən  işçilərin əməyini stimullaşdırmaq, onları inkişaf etdirmək, işdə irəli çəkilmə imkanlarını yaratmaq, işçiyə  öz işindən razı qalması və ona öz faydalı iş əmsalını artırmaq  şansını  verməkdir. Vakant vəzifələrin tutulması üçün daxili ehtiyatlar mövcud olmadıqda   Cəmiyyətin kadr təlabatı  CV-Banka təqdim olunmuş namizədlərin seçilməsi yolu ilə  təmin edilir.

 Səhmdar Cəmiyyətin  “İşə Qəbul Qaydaları”na əsasən kadr ehtiyatlarının tədarükü  və planlaşdırılması məqsədi ilə Cəmiyyətin  Kadrlar şöbəsində CV-bank formalaşdırılmışdır. CV-Bankın formalaşdırılması üçün  bir neçə mənbədən istifadə olunur ki, bunlar əsasən Dövlət Məşğulluq Mərkəzinin  göndərişi ilə gəlmiş namizədlərdən,  namizədlərin birbaşa Cəmiyyətə CV-ilə müraciətlərindən, mətbuat vasitələrində verilən elanlardan,  Cəmiyyətin rəsmi internet saytına göndərilən CV-lərdən, ali, orta, texniki peşə və ya digər təhsil müəssisələrindən peşəkar ixtisaslı kadrların cəlb edilməsindən və Cəmiyyətin struktur bölmələrindən təklif olunan namizədlərin CV-lərindən ibarətdir.

Sənədləri Səhmdar Cəmiyyətə  daxil olmuş iddiaçıların ilkin seçimi İnsan Resursları və Xidmət İdarəsi tərəfindən ilkin müsahibə (intervyu) formasında həyata keçirilir. Namizəddən tələb olunan əsas səriştələrinin  vakant vəzifəyə uyğunluğu (təhsili, müvafiq iş təcrübəsi, sağlamlıq durumu, xarici dil bilmə kimi digər tələblər) qiymətləndirilir və  “İşə Qəbul Komissiyası”na təqdim olunur. “İşə Qəbul Komissiyası”    vakant vəzifəyə iddialı olan namizədin  bilik səviyyəsinin daha dərindən yoxlanılmasını həyata keçirərək ixtisası uyğun gələn və biliyi qənaətbəxş hesab olunan, lakin təcrübəsi kifayət qədər olmayan namizədləri Cəmiyyətin Tədris Mərkəzində müvafiq kurslara  cəlb edir, kursu bitirdikdən sonra iddiaçıların “İşə Qəbul Komissiyası”  tərəfindən bilik və peşəkar bacarıqları bir daha  yoxlanılır və məqbul nəticə göstərmiş namizədlər barədə məlumatlar Səhmdar Cəmiyyətin CV Bankında yerləşdirilmək üçün İnsan Resursları və Xidmət İdarəsinə təqdim edilir ki, yekunda  vakant olan vəzifələr üzrə onlarla əmək-hüquq münasibətləri  rəsmiləşdirilir.

Səhmdar Cəmiyyətin kadr siyasətinin ikinci istiqaməti isə 19.02.2007-ci il tarixli, Ü-07-044 saylı  əmrə  əsasən “Bakıelektrikşəbəkə” ASC-də  yüksək ixtisaslı kadr hazırlığı prosesini həyata keçirən və 2012-ci il tarixindən strukturu müasir dövrün tələbləri baxımından təkmilləşdirilmiş, maddi-texniki bazası və güclü kadr potensialı olan Tədris Mərkəzinin fəaliyyətidir.  

Tədris Mərkəzində  Səhmdar Cəmiyyətin  yüksək biliyə və təcrübəyə malik ixtisaslı mütəxəssisləri, respublikanın bir sıra ali tədris ocaqlarının professor-müəllim heyəti, elektrik avadanlıqları istehsal edən dünya şöhrətli “Şneyder Elektrik”, “Siemens”, “ABB”, “TAYCO” kimi şirkətlərin  Bakı nümayəndəliklərinin, o cümlədən çoxsaylı digər xarici şirkətlərin mütəxəssisləri  işçi heyətin ixtisasının artırılması, 2-ci peşəyə yiyələnməsi və yenidən hazırlanması məqsədi ilə  müəssisənin  müxtəlif profilli kadrlara olan ehtiyaclarını, habelə dövlət və qeyri-dövlət müəssisələrindən, fiziki şəxslərdən daxil olan sifarişləri, elektroenergetika sahəsində yerli əmək bazarının tələblərini və müvafiq  regional inkişaf perspektivlərini nəzərə almaqla təşkil edilmiş kurslarda namizədlərə nəzəri biliklər və praktiki  vərdişlər aşılayırlar.

  Mərkəzdə tədrisin təşkili inkişaf etmiş ölkələrin təhsil müəssisələrinin təcrübəsinə əsaslanaraq  dual sistem (praktika və nəzəriyyənin eyni  vaxtda tədrisi) üzrə aparılır.

Təşkil olunan kurslar üçün dərs vəsaitləri və praktiki işlər üçün metodiki vəsaitlər hazırlanaraq müdavimlərin istifadəsinə verilir. Bu dərs və metodiki vəsaitlər üzrə xüsusi slayd proqramlar tərtib olunur.