• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

UNUDULMAZ BÖYÜK TARİXİ ŞƏXSİYYƏT

Paylaşma tarixi: 08 may 2014


Azərbaycanın energetika sistemi dünya standartları səviyyəsindəyenidən qurulur

 

 “Bakıeletrikşəbəkə” ASC paytaxtın və ətraf qəsəbələrin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görür

        Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf ölkə həyatının bütün sahələrində, o cümlədən elektrik enerjisi təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına əlverişli şərait yaratmışdır. Yaradılma tarixi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olan müstəqil Azərbaycanın energetika sistemi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda təsdiq olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır. “Bakıelektrikşəbəkə”nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxt və ətraf ərazilərin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülməyə başlanılmışdır. Bu sahədə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində paytaxtın dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchizatı təmin olunmuş, şəbəkədə itkilər minimuma endirilmiş, ötürücü güclər artırılmış, qəza açılmaları aradan qaldırılmışdır.

Bu sahənin inkişaf etdirilməsində ölkənin enerji sisteminin 10 illik dövr üçün inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” strateji bir sənəddir. Məhz həmin proqram çərçivəsində həyata keçirilən tədbirlər respublikanın yanacaq-enerji kompleksini bütünlüklə, o cümlədən Bakı şəhəri üzrə elektrik paylayıcı şəbəkənin dinamik inkişafının əsasını qoymuşdur.

Həmin dövlət proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramları enerji sistemin yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsində çox mühüm stimul olmuşdur. Məhz həmin proqramların yerinə yetirilməsi bütün ölkədə olduğu kimi Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkişafına daha da təkan vermiş, xüsusən də yol təsərrüfatının və nəqliyyatın işinin yaxşılaşdırılmasına, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin yüksəlməsinə səbəb olmuşdur. Həmin proqramların tələblərinin yerinə yetirlməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkşafına nail olunmuş və həmin proqramlar yol təsərrüfatının və kommunal xidmətlərinin işinin yaxşılaşdırılmasına təkan vermişdir.

Qeyd olunan dövlət proqramlarının icrası ilə əlaqədar “Bakıelektrikşəbəkə”ASC tərəfindən paytaxt və ətraf qəsəbələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, abonentlərə yüksək səviyyəli xidmət göstərilməsi, elektrik şəbəkəsinin dünya standartlarına uyğun yenidən qurulması istiqamətində geniş miqyaslı yenidənqurma işləri həyata keçirilir.

Məqsədi istehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək olan “Bakıelektrikşəbəkə” ASC elektrik enerjisinin təchizatı sahəsində ixtisaslaşmış, zəngin təcrübəyə malik bir müəssisə olmaqla uzun bir tarixi inkişaf yolu keçmişdir. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, müstəqilliyin əldə olunduğu ilk illərdə, o cümlədən şəbəkənin xarici sərmayədarın idarəçiliyinə verildiyi dövrlərdə paytaxtın paylayıcı şəbəkəsinin maddi-texniki bazasının yeniləşməsinə, şəbəkə infrastrukturunun yenidənqurulmasına və genişləndirilməsinə əsaslı vəsait yatırılmaması, paytaxtın elektrik şəbəkələrini ağır bir duruma gətirib çıxarmışdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaranmış vəziyyəti nəzərə alaraq şəbəkənin fəaliyyətini yenidən qurmaq, istehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq və enerji haqlarının yığımında mövcud olan ağır vəziyyəti aradan qaldırmaq məqsədi ilə “Bakıelektrikşəbəkə”ASC-nin fəaliyyətinin yenidən bərpa edilməsinə dair 10.08.2006-cı il tarixli Sərəncam imzaladı.

Elektrik təchizatında yaranmış ağır böhranın aradan qaldırılmasına yönələn bu Sərəncamdan irəli gələn vəzifələrin həlli məqsədi ilə ilk olaraq «Bakıelektrikşəbəkə» ASC tərəfindən İnvestisiya Proqramı hazırlandı. Bununla da, şəhərin elektrik enerjisinə olan tələbatının tam təmin olunması üçün bütövlükdə paytaxtın elektrik şəbəkələrinin yenidən qurulması, yeni güc mərkəzlərinin yaradılması, yeni texnologiyaların tətbiqi yolu ilə şəbəkələrin modernləşdirilməsi və xidmət personalının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə ciddi kadr islahatlarının həyata keçirilməsi kimi irimiqyaslı tədbirləri əhatə edən işlərə başlanıldı.Bu gün əminliklə demək olar ki, göstərilən dövlət qayğısı nəticəsində “Bakıelektrikşəbəkə” keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

 Görülən tədbirlər sayəsində paytaxtda dairəvi təchizat sistemi yaradılmış və bu sistemin tətbiq olunması paylayıcı və ötürücü şəbəkələrinin dayanıqlığını artırmışdır. Bununla əlaqədar investisiya proqramında bu sistemə daxil olan 110 kV-luq yarımstansiyaların tikintisi prioritet yer tutur. Qeyd olunan sxem gələcəkdə paytaxtın elektrik enerjisinə olan tələbatın tam ödənilməsinə zəmanət verəcəkdir. 

Sentyabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiyanın açılışında iştrak etmişdir. Bu yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması da bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Bu yarımstansiya Heydər Əliyev adına neft emalı zavodunu və digər sənaye obyektlərini elektrik enerjisi ilə təchiz etmək üçün 1980-ci ildə inşa edilmişdi. Ötən müddət ərzində yarımstansiyadakı avadanlıq istismar müddətini başa vurmuşdu. Yarımstansiya artıq müasir tələblərə cavab vermirdi. Son illər respublikada, o cümlədən Bakı şəhərində həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf, ətraf ərazilərdə inşa edilən Gimnastika Kompleksinin, Olimpiya Stadionunun, Olimpiya şəhərciyinin, müxtəlif yol infrastrukturunun, Heydər Əliyev prospekti boyu inşa edilən yeni obyektlərin istifadəyə verilməsi dayanıqlı, fasiləsiz elektrik enerjisinə olan tələbatı artırmışdı. Bu məqsədlə 110/6 kV-luq köhnə yarımstansiyanın əvəzinə müasir, qapalı tipli 110/35/6 kV-luq yeni yarımstansiya tikilib istismara verilmişdir. Yuxarıda adı çəkilən obyektləri və çoxsaylı yaşayış binalarını elektrik enerjisi ilə təchiz etmək üçün 110/35/6 kV-luq 204 nömrəli yarımstansiyadan qidalanan 3 yeni 35/6 kV-luq “Koroğlu”, 208 və 217 nömrəli yarımstansiyalar da inşa edilmişdir. Bu yarımstansiyalar qapalı tipli olmaqla, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizəsi sistemi quraşdırılmaqla SCADA sisteminə qoşulmuşdur.

Əgər əvvəllər köhnə yarımstansiya açıq tipli paylayıcı qurğusu və yardımçı binaları ilə birlikdə 5 min kvadratmetrdən artıq ərazini əhatə edirdisə, əsaslı yenidənqurma işlərindən sonra yeni qapalı tipli yarımstansiya 1800 kvadratmetrdən artıq ərazidə yerləşdirilmişdir. Ümumi sahəsi 3200 kvadratmetrə yaxın olan yarımstansiyanın binası zirzəmisi ilə birlikdə üç mərtəbədən ibarətdir.

Yarımstansiyanın zirzəmisində müxtəlif gərginlikli kabellər yerləşdirilmişdir. Birinci mərtəbədə Dispetçer İdarəetmə Mərkəzi, 35 və 6 kV-luq qapalı paylayıcı qurğular, reaktorlar, transformator bölmələri, əməkdaşlar üçün iş otaqları, mətbəx və digər yardımçı otaqlar vardır. Yarımstansiyanın 2-ci mərtəbəsində 110 kV-luq elektrik avadanlıqları quraşdırılmışdır. Yarımstansiya havalandırma və yanğına qarşı xəbərdarlıq sistemləri ilə təmin olunmuşdur.

Ümumiyyətlə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətə başladığı 2006-cı ildən indiyədək şəbəkədə güc artımı 90 faizə çatmışdır. İstismara verilən yarımstansiyalar texniki baxımdan ən müasir avadanlıqla və idarəetmə sistemi ilə təmin olunmuşdur.

Yarımstansiyanın açılışı mərasimində Prezident İlham Əliyev dedi: “Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakı Elektrik Şəbəkəsi dövlətə qaytarıldı. İdarəetmə artıq dövlət nəzarətinə keçdi və yeni inkişaf dövrü başlandı. Dövlət büdcəsində hər il şəbəkənin inkişafına kapital qoyuluşu nəzərdə tutulur. Bunun nəticəsində bu gün Bakıda elektrik təsərrüfatı ən yüksək səviyyədədir. Burada ən yüksək standartların tələblərinə cavab verən avadanlıqlar quraşdırılmışdır. Sevindirici hal ondan ibarətdir ki, burada quraşdırılan avadanlığın böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Yəni, dövlət tərəfindən qoyulan investisiyalar özəl sektorun inkişafına da təkan vermişdir. Beləliklə, biznes mühiti yaradılmış imkanlardan istifadə edir. Bildiyiniz kimi, növbəti illər üçün Azərbaycanda istehlak edilən bütün mallar ölkəmizdə istehsal olunacaqdır, istər ərzaq məhsulları olsun, istər tikinti materialları, yaxud da ki, müasir avadanlıq. Bu, istiqamətdə aparılan işlər əlbəttə ki, hamımızı çox sevindirir. Son on il ərzində Azərbaycanda 2800 meqavata qədər yeni enerji gücü yaradılmışdır, 14 elektrik stansiyası tikilmişdir. Demək olar ki, bizim mövcud olan enerji potensialımızın 50 faizi son on ildə yaradılmışdır. Əlbəttə, belə olan halda həm Bakıda, həm də bölgələrdə şəbəkələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. İndi mənə məlumat verildi ki, hələ 12 stansiyanın təmirinə ehtiyac vardır, eyni zamanda, bölgələrdə. Əminəm ki, gələcəkdə yeni stansiyaların tikintisinə ehtiyac olacaqdır. Çünki Azərbaycanın inkişafı o qədər güclüdür ki, 5-10 ildən sonra indiki güclər bizə kifayət etməyəcəkdir. Mən çox şadam ki, Bakı Elektrik Şəbəkəsi uğurla fəaliyyət göstərir. Eyni zamanda, qeyd etməliyəm ki, şəbəkənin tam şəkildə dövlətə qayıtması barədə vaxtilə qəbul etdiyim qərar öz səmərəsini verməkdədir. Siz – şəbəkənin əməkdaşları bunu bilirsiniz, bu fərqi görürsünüz. Görürsünüz ki, strateji obyekt dövlətin əlində olanda burada nəzarət də, investisiya da və inkişaf da olacaqdır”.

 

        Yuxarıda qeyd olunan yarımstansiya “Bakıelektrikşəbəkə” ASC tərəfindən tikilən yeganə yarımstansiya deyil. Cari ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak etmiş, həmçinin videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı “Hövsan”, Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılış mərasimləri olmuşdur.  

Dövlət başçısının ıştraki ilə Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışı olmuşdur. Bu yarımstansiya 1974-cü ildə Nərimanov rayonundakı sənaye müəssisələrini, o cümlədən Bakı məişət kondisionerləri zavodunu elektrik enerjisi ilə təchiz etmək üçün tikilib istismara verilmişdir.

Ötən müddətdə tamamilə köhnələn həmin energetika qurğusunun yerində perspektiv inkişaf da nəzərə alınmaqla ən müasir standartlara cavab verən yeni yarımstansiya inşa olunmuşdur. Açıq paylayıcı qurğu və yardımçı binaları ilə birlikdə əvvəlki yarımstansiya 16 min kvadratmetrdən çox sahədə yerləşirdisə, qapalı tipli yeni yarımstansiyanın yerləşdiyi ərazi bundan 7 dəfə azdır. Bu yeni energetika qurğusunun qoyuluş gücü 100 meqavoltamperdir. Son illərdə tikilən digər yarımstansiyalarda olduğu kimi, bu qurğunun binası da konstruktiv həlli və memarlıq görünüşü ilə diqqəti çəkir, şəhərin ümumi görünüşünə əlavə çalarlar qatır. Ətrafda böyük bir ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Yarımstansiyanın girişində Ulu Öndər Heydər Əliyevin barelyefi qoyulmuş, burada Ümummilli Liderin və Prezident İlham Əliyevin ölkənin elektroenergetika sisteminin, həmçinin paytaxtın ötürücü və paylayıcı şəbəkəsinin inkişafı üçün həyata keçirdikləri kompleks tədbirlərə dair fotoguşə yaradılmışdır.

Prezident İlham Əliyev yarımstansiyanın dispetçer idarəetmə mərkəzi ilə tanış oldu. Qeyd edildi ki, bu müasir mərkəz fiber-optik kabel vasitəsilə “Bakıelektrikşəbəkə”nin Mərkəzi Dispetçer Xidmətinə - SCADA sisteminə qoşulmuşdur. Yarımstansiya “Xırdalan” və “Müşfiq” yarımstansiyaları arasındakı dairəvi sxemin tərkib hissəsi olmaqla yanaşı, “Nizami” yarımstansiyası ilə əlaqələndirilmişdir. Yeni yarımstansiya 2-ci 110 kilovoltluq dairəvi təchizat sxeminin yaradılmasında baza rolunu oynamaqla Heydər Əliyev adına neftayırma zavodunun, həmçinin bir sıra digər mühüm sənaye obyektlərinin enerji təchizatının etibarlılığını artırır. Avtomatik açılmalar və güc çatışmazlığı zamanı bu yarımstansiya dövriyyəyə qoşula bilər. Həmin energetika qurğusu Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti, Dövlət Neft Fondu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binası, yeni inşa edilən Gimnastika Federasiyası, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və digər mühüm obyektləri elektrik enerjisi ilə təchiz edir.

Bütovlükdə, təsdiq edilmiş İnvestisiya Proqramına uyğun olaraq “Müşfiq”- “Bayıl”, “Xırdalan”-203 hava xətləri əsaslı təmir edilmiş, 227, 203, 215 saylı yarımstansiyalar yenidən qurulmuş, dairəvi sistemə daxil olan müasir tipli 110/35/10 kV-luq 2x50 MVA gücündə «Liman» və 110/35/6 kV-luq 2x40 MVA gücündə “İçərişəhər”, 110/20/6 kV-luq 2x40 MVA gücündə «Yeni Bayıl» yarımstansiyaları inşa edilmişdir.

Bakı şəhərinin elektrik şəbəkəsinin müasir avadanlıq və yeni texnologiyanın tətbiqi ilə yenidənqurulmasını, şəhərsalmanın günbəgün geniş vüsət aldığı paytaxtda yeni güc mərkəzlərinin yaradılmasını nəzərdə tutan İnvestisiya Proqramı çərçivəsində həyata keçirilən tədbirlər ölkə başçısının gündəlik nəzarətində olmuş, dövlət əhəmiyyətli bu vəzifələrin uğurla həyata keçirilməsi və şəbəkənin maddi-texniki bazasının gücləndirilməsi dövlət başçısı tərəfindən daima dəstəklənmişdir.

Ölkə Prezidentinin 10.08.2006-cı il tarixli Sərəncamı ilə fəaliyyəti bərpa olunan Səhmdar Cəmiyyəti tərəfindən keçən qısa dövr ərzində 23 ədəd müasir tipli 110 kV-luq və 61 ədəd 35 kV-luq yeni yarımstansiyalar inşa edilmiş, 2000-dək Transformator Məntəqəsi (TM) və Komplektləşmiş Transformator Məntəqəsi (KTM) tikilmiş və əsaslı təmir olunmuş, 16 min km-dən artıq elektrik veriliş xətləri çəkilmişdir. Həmçinin, 1748,4 km uzunluğunda 110 və 35 kV-luq kabel xətti çəkilmişdir, 3210,1 km uzunluğunda 10 kV-luq və 4020,7 km uzunluğunda 0,4 kV-luq elektrik verliş xətti çəkilib təhvil verilmiş, 11153,4 km uzunluğunda hava xəttləri müasir tipli özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) yenidən qurulmuşdur. Hazırda 110 kV-luq və 35 kV-luq yarımstansiyalarda yenidənqurma, təmir-bərpa işləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin qoyuluş gücü 3048 MVA-dan 5816,4 MVA-dək artmışdır və 2006-cı illə müqayisədə 90 faiz artmışdır.

Görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki itkilərin səviyyəsi 8 faizə qədər azaldılmışdır, ifrat yüklənmə halları tamamilə aradan qaldırılmışdır.

 Şəbəkədə aparılan əsaslı yenidənqurma işləri və uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi nəticəsində enerji haqqının yığımında əsaslı dönüş yaranmış və hazırda Səhmdar Cəmiyyət üzrə bu göstərici 93%-dən yuxarıdır.

Uçot sisteminin müasir texnologiyalar əsasında yenidənqurulması işləri bu gün də davam etdirilir. Hazırda Nəsimi rayonu ərazisində ən müasir uçot sistemi olan “sms smart” sayğaclarının quraşdırılması işləri müvəffəqiyyətlə aparılır. Həmin sayğacların üstünlüyü ondan ibarətdir ki, bu ölçü cihazları vasitəsi ilə hər bir istehlakçı istifadə etdiyi elektrik enerjisinin sərfiyyatına şəxsən özü nəzarət edir, kommunal xidmətlə bağlı aylıq ailə büdcəsini əvvəlcədən planlaşdıra bilir və ən əsası isə bu sayğacların tətbiqi ilə kənar müdaxilə hallarının qarşısı demək olar ki, tam alınır.

“Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq “Bakıelektrikşəbəkə”ASC-nin rəsmi internet saytında abonentlərə göstərilməsi nəzərdə tutulan xidmətlərin növləri, habelə müəssisənin struktur rəhbərlərinin “əlaqə telefonları”, “elektron müraciət”, “Qaynar Xətt”, “qəbul günləri”, “enerji haqqının elektron ödənişi”, ”borcun öyrənilməsi” və s. başlıqlı səhifələr fəaliyyətdədir. Həmin səhifələrə daxil olan abonentlərin müraciətləri ətraflı araşdırılaraq ən qısa müddətdə cavablandırılır. Göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə yaxın günlərdə şəbəkəyə qoşulma, sayğac dəyişmə, texniki şərtin alınması, borcun araşdırılması və s. məsələlər üzrə abonentlərə elektron xidmətlərin göstərilməsinin həyata keçirilməsi nəzərdə tutulur.

“Bakıelektrikşəbəkə” ASC sistemində “199 Qəza Xidməti” və “Qaynar Xətt” fəaliyyət göstərir ki, bu xidmətlər vasitəsilə istehlakçılar 24 saat ərzində onları maraqlandıran suallara cavab ala bilir, enerji təchizatı ilə bağlı texniki məsələlərin operativ həllinin şahidi olurlar. Göstərilən xidmətlərin operativ icrası üçün aidiyyəti qurumlar zəruri texniki və rabitə avadanlıqları, müasir texnoloji vasitələrlə təchiz edilmiş, əməkdaşları xüsusi treyninqlərdən keçmiş mütəxəssislərdən ibarətdir. Operativ xidmətlərin təşkili və bütün informasiyaların mərkəzləşdirilməsi məlumatların struktur bölmələr üzrə operativ çatdırılmasına imkan yaradır ki, bu da öz növbəsində şəbəkənin normal iş rejimində saxlanılmasına və nəticədə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına imkan yaradır.

Hal-hazırda SCADA sisteminə 26 yarımstansiya qoşulmuşdur, əlavə 10 yarımstansiyanın bu sistemə qoşulması üçün avadanlıq quraşdırılır və kabellər çəkilir. Yaxın gələcəkdə bütün 110 və 35 kV-luq yarımstansiyalar SCADA sisteminin tərkib hissəsi olaraq uzaq məsafədən operativ idarə olunacaqlar. Bütün qeyd olunan işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqət və qayğısı nəticəsində həyata keçirilmişdir və istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchizatında çox mühüm dövlət təminatıdır.

Memarı Ulu Öndərimiz Heydər Əliyev olan Azərbaycan onun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurlu addımlarla parlaq gələcəyə doğru inamla addımlayır.

Hər birimiz, o cümlədən ölkə energetikləri həmişə olduğu kimi bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə Ümummilli Lider Heydər Əliyev ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışacağıq.

Dahi Heydər Əliyev zəkasının nuru hələ neçə-neçə əsrlər boyu Azərbaycan xalqının yolunu işıqlandıracaq və daha böyük qələbələrə ruhlandıracaqdır.

 

Baba Rzayev

“Bakıelektrikşəbəkə” ASC-nın İdarə Heyyətinin Sədri