• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

SAP AG Proqramı haqqında ümumi məlumat

Paylaşma tarixi: 04 avqust 2014


“Bakıelektrikşəbəkə”ASC dövlət idarəçiliyinə qaytarıldıqdan keçən dövr ərzində paytaxtın elektrik şəbəkələrinin ən müasir texnologiya tətbiq edilməklə yenidən qurulması Səhmdar Cəmiyyətin bir-biri ilə üzvü əlaqədə olan bütün  struktur bölmələrinin idarəolunmasında da ən mütərəqqi  idarəetmə sistemlərinə keçidi şərtləndirmişdir. Bu istiqamətdə Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən  bir sıra çox mühüm addımlar atılmış, müəssisə üzrə səmərəliliyin artırılması istiqamətində daha müasir tələblərə cavab verən idarəetmə sistemi tətbiq olunmuş və beynəlxalq standartlara inteqrasiya uğurla həyata keçirilmişdir. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin bütün sahələrində şəffaflığın təmin olunması məqsədi ilə kompleks tədbirlər icra edilmişdir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunun “İctimai Əhəmiyyətli qurumların maliyyə hesabatlarının tərtib edilməsi” haqqında 8-ci maddəsinin icrası ilə əlaqədar 01 yanvar 2008-ci ildən etibarən müəsisənin maliyyə hesablarının beynəlxalq maliyyə hesabatı standartlarına uyğun hazırlanması təmin olunmuşdur. Maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidi ilə əlaqədar uçot və idarəetmə sahəsində sınaqdan keçirilmiş, beynəlxalq standartların tələblərinə cavab verən , avtomatlaşdırılmış idarə sistemi olan SAP AG proqramına keçid təmin olunmuşdur. Hal-hazırda Səhmdar Cəmiyyətdə SAP proqramının bir neçə modulu istifadə olunur. Bunlardan Maliyyə modulu , Əsas vəsaitlərin uçotu və mal-materialların (loqistika) uçotu üzrə modulları qeyd etmək olar.

 

            SAP AG Maliyyə modulu  mühasibatlıq, budcənin qurulması və nəzarət, debitor və kreditorların uçotu, əsas vəsaitlərin uçotu, bank və kassa əməliyatlarının uçotu, İnvestisiyaların uçotu və nəzarət, müqavilələrin uçotu və s. sahələri əhatə edir.

 

            Mal-materialların uçotu və idarəolunması (loqistika) modulu əsasən materiallara olan təlabatın planlaşdırılması, alışların idarə olunması, mal-materialların istifadəsi və nəzarət, anbarlar üzrə uçot və nəzarət, mal-materialların təyinatı üzrə normativlərə uyğun olaraq istifadəsi və nəzarət, loqistika üzrə mərkəzləşdirilmiş informasiya bazasının (sisteminin) və s uçot və idarəetmə sistemlərini əhatə edir.

 

            Ümumilikdə, proqram əsas vəsaitlərin təmiri və istismara verilməsi, texniki xidməti  üzrə uçotun idarə olunması, əsas vəsaitlər üzrə məlumat bazasının yaradılması, normativ texniki bazanın yaradılması, əsas vəsait üzrə maddi-məsul şəxslərin işinə nəzarət, əsas vəsaitin təmirinə çəkilən xərclərin normativ-texniki sənədlərə uyğun planlaşdırılması və idarə olunması, bu  tip xərclərin maya dəyərinin formalaşdırılmasında,enerjinin ötürülməsində və satışında daha dəqiq kalkulyasaların tərtibində duzgün bölüşdürülməsi, əsas vəsaitin amortizasiyasının həm vergi qanunvericiliyinə, həm də beynəlxalq standartlara uyğun hesablanması , əsas vəsaitin texniki və iqtisadi təhlilinin vəziyyəti və sair sahələri əhatə edir.

 

            SAP AG sistemi İnvestisiya proqramına əsasən Bakıelektrikşəbəkə ASC üzrə həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar podratçı müəssisələrlə bağlanmış müqavilələr üzrə həyata keçiriləcək təmir-tikintiki işləri zamanı hər bir yarımstansiyalar, transformator məntəqələri, elektrik avadanlıqları və ötürücü qurğular üzrə mal materialların, avadanlıqların və onların quraşdırma xərclərinin, işlərin yerinə yetirilmə səviyyəsinə görə muəyyən edilməsinə nəzarətin gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir.

 

Hər bir əsas vəsait üzrə il ərzində cari və əsaslı təmir xərclərinin müəyyən edilməsi maya dəyərinin formalaşmasında təmir xərclərin payının və əsas vəsaitin dəyərinin artırılmasına yönəldilmiş məsrəflərin təhlil edilməsi, onların iqtisadi baxımdan məqsədyönlü sayılmayan, təmiri və ya bərpası səmərəsiz hesab edilən əsas vəsaitlərin müəyyən edilməsində SAP AG sisteminin üstünlüklərindən faydalanmaq nəzərdə tutulmuşdur. Həmçinin əsas vəsaitlər üzrə amortizasiya xərclərinin hər bir kateqoriya üzrə binalar, ötürücü qurğular, elektrik avadanlıqları, nəqliyyat vasitələri və digər əsas vəsaitlər üzrə mühasibatlıq və vergi uçotuna əsasən aylıq və illik hesablanması, yaranacaq təxirə salınmış vergi öhdəlikləri barədə məlumatların SAP AG sistemindən əldə edilməsi, anbarda qalmış , istismara verilməmiş əsas vəsaitlərin anbar uçotundan çıxarılması və amortizasiya edilməsi, ayrılıqda uçotda  əks etdirilməsi üçün lazımi məlumatların müxtəlif hesabatlar formasında məlumat bazasından çıxarışlarının əldə edilməsi  nəzərdə tutulmuşdur.

 

SAP AG proqramının satış modulunda uçot nöqtələrində (xərc mərkəzlərində) ehtimal olunan səhvlərin azaldılması , xərc mərkəzləri üzrə proqnozlaşdırma və monitorinqlərin aparılması və s. sahələri əhatə olunmuşdur.

 

SAP AG proqramının modullarının tətbiqi əsas biznes proseslərin səmərəliliyinin artırılmasına yönəldilmişdir.

 

SAP AG proqramının tətbiqi idarəetmə uçotunun və hesabatının beynəlxalq standartlara uyğun hazırlanması, müasir informasiya texnologiyalarının (İT) tətbiqi ilə şirkətin fəaliyətində şəffaflığın təmin olunmasına, əmlakın, öhdəliklərin, maliyyə kapitalının, dövriyyə vəsaitlərinin qorunub saxlanılmasına, onların faktiki istifadə vəziyyətinin müəyyənləşdirilməsinə , mal-material dövriyyəsinin şəffaf tətbiqində və hesabatların daha dəqiq hazırlanması və uçotun şəffaf aparılmasının idarə olunmasına , operativ əməliyyatların uçotunun təkmilləşdirilməsinə və s. təminat vermişdir. Bu sahədə işlər uğurla başa çatdırılmışdır.

 

Hazırda  müasir  informasiya texnologiyalarının köməkliyi ilə Səhmdar Cəmiyyət üzrə insan resurslarının idarə olunması və uçotunun aparılması məqsədi  ilə  ixtisasa görə düzgün yerləşdirilmədə, insan resursları üzrə vahid informasiya bazasının yaradılmasında, tabel uçotu, əmək haqqının hesablanması və ödənişində şəffaflıgın və dəqiqliyin artırılmasında, bu sahədə ehtimal olunan səhvlərin minimuma endirilməsində, dövlət orqanlarına hesabatların daha dəqiq hazırlanmasında, xəstəlik vərəqələrinin, məzuniyyətlərin hesablanmasında, əmək haqqlarının hesablanması və hesabatların vahid informasiya  bazasından istifadə olunmaqla  hazırlanmasında, işçilərin iş yerlərinin, vəzifələrinin daxili  yerdəyişməsində  tabel nömrələrinə uygun vahid mərkəzdən nəzarət və idarə olunmasında və başqa əlaqəli sahələrdə səmərəliliyinin və şəffaflığın artırılmasında sınaqdan çıxmış əsas informasiya texnologiyalarından biri olan SAP AG sisteminin HR modulunun da tətbiqi   məqsədəuyğun hesab edilir ki, bu baxımdan yaxın gələcəkdə bu modulun “Bakıelektrikşəbəkə”ASC-də tətbiq olunması sahəsində də müvafiq  hazırlıq işləri görülməkdədir.