• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC-nin kollektivi I Avropa Oyunlarının uğurla başa çatmasında öz iştirakından qürur duyur

Paylaşma tarixi: 03 iyul 2015


   Beynəlxalq aləmdə böyük əks – səda doğuran və  yüksək səviyyədə reallaşan “Bakı-2015” I Avropa oyunlarının uğurla başa çatması  ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın yüksək təşkilatçılıq və gərgin əməklərinin nəticəsidir.

   Bu böyük zəfər bütövlükdə Azərbaycanın və bu işdə  əməyi olan hər bir kəsin qələbəsidir. Bu möhtəşəm qələbədən bütün xalqımız qürur duyur.

    I Avropa Oyunlarının uğurla keçirilməsində elektrik enerjisi təchizatının dayanıqlılığı və yüksək keyfiyyətli təminatı da xüsusi əhəmiyyət kəsb etdi. Oyunların keçirildiyi dövrdə, möhtəşəm açılış və bağlanış mərasimləri zamanı  ”Azərişıq”ASC əməkdaşlarının I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOS) personalları  ilə birgə səmərəli fəaliyyəti nəticəsində idman tədbirləri keçiriləcəyi məkanların, bu tədbirlə bağlı sosial təyinatlı infrastrukturların, parkların, küçələrin,xüsusən də “Bakı Bulvarı”nın elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin olundu.  Bütün bunlar isə “Azərişıq” tərəfindən  qısa müddət  ərzində həyata keşirilən irimiqyaslı təxirəsalınmaz tədbirlərin və əməkdaşların  gərgin əməyi nəticəsində mümkün oldu.

    Belə ki,” I Avropa Oyunlarının uğurla keçirilməsi  üçün “Azərişıq” ASC  üzrə xüsusi tədbirlər planı hazırlanmış, bu sahədə xarici ölkələrdən gələn mütəxəssislərlə sıx əməkdaşlıq yaradılaraq  konkret sxemlərlə həyata keçirilmişdi. Hər bir əməkdaşla  xüsusi hazırlıq işləri aparılmış, texniki personalın peşəkarlıq  səviyyəsinin yüksəldilməsi və gözlənilməz hadisələrin operativ aradan qaldırılması məqsədilə proqramlaşdırılmış treninqlər həyata keçrilmiş, dəfələrlə  yoxlama-sınaq  işləri aparılmışdır, 24 saatlıq növbətçilik rejimi yaradılmışdır.

   I Avropa Oyunlarının keçiriləcəyi bütün  məkanların, xüsusən də Olimpiya Stadionunun, Heydər Əliyev adına İdman Kompleksinin, Gimnastika Mərkəzinin, Su İdman Sarayının, Atletlər kəndinin, Üzgüçülük Hovuzunun, idmançıların və qonaqların yerləşəcəyi  çoxsaylı hotellərin, onların istirahəti üçün nəzərdə tutulmuş sosial təyinatlı obyektlərin, muzeylərin, İçərişəhər Dövlət Qoruğunun ərazisindəki infrastrukturların, parkların, küçələrin, fəvvarələrin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təhcizatı yüksək səviyyədə  təmin olundu.

Gecəsi də gündüzləri kimi nura qərq olan paytaxt Bakımız bu günlərdə, xüsusən də I Avropa Oyunlarının  çox yüksək səviyyədə və təkrarı olmayan açılış və bağlanış mərasimlərində rəngarəng işıqlanma effekti ilə  daha möhtəşəm və əzəmətli güründü, əbədi olaraq xatirələrdə qaldı. Ölkə vətəndaşlarının və bu tədbirlə əlaqədar paytaxtımıza gələn qonaqların müsahibələrindən  göründüyü  kimi onlar  bu rəngarəng işıq görüntülərindən çox məmnun qaldılar.

Bu uğurlar isə təkcə paytaxt Bakı ilə səciyələnmirdi. I Avropa Oyunlarının bir hissənin keçirildiyi Mingəçevir şəhərindəki idman obyektlərinin elektrik enerjisi təchizatı, habelə ölkəmizin ən ucqar nöqtələrində belə yaşayan vətəndaşlarımızın  idman oyunlarını  yüksək bayram əhval-ruhiyəsi ilə izləmələri energetiklərimiz tərəfindən təmin edildi.

      I Avropa Oyunları sübut etdi ki, Azərbaycan hər cür  kütləvi  beynəlxalq tədbirlərin keçirilməsi üçün ən uğurlu məkanlardan biridir. İndi əminliklə demək olar ki, belə möhtəşəm tədbirlər ölkəmizin hər şəhər və qəsəbəsində reallaşdırıla bilər. Bu tədbirlər bir daha göstərdi ki, ölkəmiz elektrik enerjisi təchizatı ilə nəinki öz daxili ehtiyaclarını ödəyə bilir, hətta qonşu dövlətlərə də  elektrik enerjisi ixrac etməyə qadirdir. Görülən işlər, alınan nəticə isə Azərbaycanın işıqlı gələcəyinə daha böyük ümidlər yaradır. Şükürlər olsun ki, çəkilən zəhmət öz bəhrəsini verdi. Ulu Öndərimiz Heydər Əliyevin - “Azərbaycan dünyaya günəş kim doğacaq” arzusu onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində çox böyük uğurla reallaşdırıldı.