• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” Azərbaycanı nura qərq edir

Paylaşma tarixi: 22 oktyabr 2015


Köhnəlmiş enerji infrastrukturu ölkəboyu

yenidən qurulur

  

          “Azərbaycan dünyaya günəş kim doğacaq” - söyləyən ulu öndər Heydər Əliyev öz ölkəsinin inkişaf strategiyasını hələ çox əvvəllər, sovetlər dönəmindən müəyyənləşdirmişdi. Müstəqillik illərində xalqın tələbi ilə yenidən hakimiyyətə gələn ümummilli lider bu inkşafın dönməz xarakter alması, müstəqilliyimizin əbədiləşməsi üçün əlindən gələni əsirgəmədi. İqtisadi əsasların möhkəm olması üçün ilk olaraq enerji sahəsinə diqqəti artırdı. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də bu gün Azərbaycanın ən inkişaf etmiş dövlətlər sırasına qalxması üçün əzmlə çalışır.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində, o cümlədən elektroenergetika sisteminin inkişafında öz əksini tapıb. Ölkədə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb.
          Respublika ərazilərinin inkişaf sürəti və istehlakçıların elektrik enerjisinə olan tələbatının artım dinamikası mövcud şəbəkənin texniki imkanlarından daha yüksəkdir. Şəbəkənin aktivlərinin uzun müddət ərzində istismarda olması, onların fiziki və mənəvi cəhətdən aşınma səviyyəsinin yüksəlməsi, xüsusən son illərdə bölgələrdə aparılan genişmiqyaslı yenidənqurma işləri, turizm obyektlərinin inşa edilməsi, sənaye və ticarət obyektlərinin tikintisi nəticəsində güc artımının yüksək həddə çatması bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu məqsədlə Prezident İlham Əliyev enerji sektorunda islahatların həyata keçirilməsinə start verdi. İlk olaraq paytaxt Bakıda “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edildi.

 

DSC_1531


          Qısa müddət ərzində paytaxtın işıq problemi həll edildi, zövqsüz və təhlükə mənbəyi olan naqillər dəyişdirildi, yeni yarımstansiyalar inşa edildi. Ötürücülər təlabata uyğunlaşdırılaraq ən müasir texnologiyalarla əvəz edildi. Əhalinin elektrik enerjisinə olan təlabatı yüksək peşəkarlıqla təmin olundu. Bir müddət sonra Bakı gecələri öz keçmiş şöhrətini geri qaytardı, hətta dünyanın ən çilçıraqban şəhərlərindən biri oldu. Vətənimiz Azərbaycan son on ildə elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi.
          Amma respublikamızın regionlarında enerji təchizatında olan problemlər hələ də qalmaqda idi. Regionun ən inkişaf etmiş bir dövləti kimi uğurların davamlı olması üçün yeni qərarların qəbuluna ehtiyac var idi.
2015-ci il fevral ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakıelektrikşəbəkə”nin Bakıda həyata keçirdiyi uğurlu islahatları yüksək qiymətləndirərək onun bazasında “Azərişıq” ASC-nin yaradılması haqqında sərəncam imzaladı. Bu, biz energetiklərə göstərilən yüksək etimad, böyük qayğı idi. Bu həm də bir şərəf məsələsidir ki, biz gecəmizi gündüzümüzə qataraq gərgin əmək sərf etməyə başladıq.
          Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı respublikanın paylayıcı elektrik şəbəkələrinin yenidənqurulmasını vacib edirdi. Paylayıcı elektrik şəbəkələri elektroenergetika sisteminin əsas hissəsi olmaqla sistemin effektiv iş rejiminə və texniki-iqtisadi göstəricilərinə öz böyük təsirini göstərir. Paylayıcı şəbəkələrin yenilənməsi və gücləndirilməsi prioritet götürülərək elektrik enerjisi itkilərinin azaldıması və ölkəmiz üçün iqtisadi faydaların əldə olunması vacib şərt kimi qarşıya qoyulub.
          Tədqiqatlar göstərir ki, respublikanın elektrik enerjisinə olan tələbatı ildə 2-3 faiz artımla müşahidə olunur. Belə bir vaxtda üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirən yeni yaradılmış “Azərişıq” ASC mövcud vəziyyəti və artan təlabatı dərhal öyrənərək qısa müddətdə fəaliyyət planı tərtib etdi. “Azərenerji” ASC-dən təhvil-təslim işlərinin başa çatmasını gözləmədən bölgələrin vəziyyəti göz önünə gətirildi. Bayram və istirahət günləri də daxil olmaqla əməkdaşlar rayonlara ezam edilərək şəraitlə yerində tanış olub təxirəsalınmaz tədbirlər görülməyə başladı.

 

DSC_1595


          “Azərişıq”ASC yaradıldıqdan sonra regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyətinin qısa müddət ərzində hərtərəfli təhlili aparıldı. Ölkənin sosial-iqtisadi inkişafı strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş Dövlət proqramlarına uyğun olaraq, istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni təşkil olunan 6 region üzrə 4 hissədən ibarət “İnkişaf və Yenidənqurma Proqramı” hazırlandı. 7 aydan çoxdur ki, icrasına başlanılmış proqramın I hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir. Bu da regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə gətirib çıxarıb.
          Bu müddət ərzində ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prossesi gedir. İlkin olaraq ölkə üzrə 800 ədəd KTM quraşdırılıb və cari ilin sonuna qədər daha 700-dən yuxarı bu cür məntəqələrin quraşdırılması planlaşdırılıb. Yeni güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir komplekt transformator məntəqələridir. Bu işlərlə yanaşı uzun illər istismar olunan agac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda oldugu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan (SİP) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək. Ölkə ərazisində yeni KTM-lər quraşdırılmazdan qabaq həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək təlabata uygun güc mərkəzləri yaradılır. Bu güc mərkəzlərinin qidalandırılması da yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün hava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Coğrafi və iqlim şəraiti nəzərə alınaraq ktm-lərin quraşdırılmasında optimal qərar qəbul olunur. Xüsusi rütubətli ərazilərdə vaqon tipli məntəqələrdən imtina edilərək məxsusi daş binalar tikilir. Bu da güc mərkəzlərinin ömrünü uzatmış olur və keyfiyyətə xidmət edir. Yeni quraşdırılan KTM-lər istehlakçılar üçün yerlərdə etibarlı, təhlükəsiz, dayanıqlı elektrik enerjisinin ötürülməsinə tam təminat verir.
          Qısa müddət ərzində 7 regional idarəetmə strukturu da formalaşdırılıb. 9 aprel 2015-ci il tarixi ilə saat 00.00-dan etibarən enerji alışı üzrə uçot nöqtələri təhvil alınıb. Bunlar Bakı, Şimal, Şimal-Qərb, Qərb, Cənub, Aran, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarələridir. Gəncə şəhərində tikintisinə başlanılan 35 kV-luq yarımstansiya binasının dizayn xüsusiyyətlərində yerli memarlığın bütün cəhətləri nəzarə alınıb. Həm qədim, həm də müasir binaların memarlıq incilərini özündə cəmləşdirən tikiləcək yeni binada ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nəaliyyətlər tətbiq ediləcək. Bundan başqa 14 rayonda ilin sonuna qədər “Azərişıq” ASC-nin əməkdaşlarının normal iş fəaliyyəti üçün müasir tipli standart ofislər tikilib istifadəyə veriləcək.

 

qisa_hazirliq_002


          İşin səmərəli təşkili üçün “Azərişıq” ASC tərəfindən mobil avadanlıqlarla təchiz olunmuş 120 ədəddən yuxarı xüsusi təyinatlı avtomobillər də alınıb və bütün regional idarələrə paylanılıb. Xarici ölkə istehsalı olan yüksək keyfiyyətli avtomobillərlə istənilən qəza vəziyyətini qısa müddətdə aradan qaldırmaq mümkün olacaq. Bu tip avtomobillərin sayının tələbata uyğun olaraq 200-dən yuxarı artırılması da nəzərdə tutulub.
          “Azərişıq” ASC Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq qısa müddət ərzində mövcud problemlərin aradan qaldırılmasını, elektrik təchizatında daha müasir metodların tətbiqini, istehlakçıların etibarlı, səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təchiz edilməsini əsas məqsəd kimi qarşısına qoyub.
Respublikanın paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması vacibliyini ciddi şəkildə dərk edən “Azərişıq” ASC-nin rəhbərliyi 2015-2025-ci illəri əhatə edən fəaliyyət planı hazırlayıb. Qarşıdakı on il üçün elektrik enerjisinə olan tələbatın proqnozu çıxarılıb və artan dinamika müəyyənləşdirilib. 2015-ci ildən 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisinə olan təlabat 7 000 MVt-dan 10 000 MVt-a qədər artacağı proqnozlaşdırılır.
          Regionların elektrik enerjisinə olan tələbatının ödənilməsi və perspektivdə (2020-ci ilə qədər) yaranacaq elektrik yüklərinn qarşılanması üçün mövcud paylayıcı elektrik şəbəkələrinin təmirini və bərpasını, eləcə də yük mərkəzlərində yeni qida mənbələrinin - 35 və 110 kV-luq yarımstansiyaların tikintisini, yeni elektrik verilişi xətlərinin çəkilişini aktuallaşdırıb.
Regionlarda perspektiv və mövcud yükləri nəzərə almaqla 20 ədəd 110 kV-luq, 70 ədəd 35 kV-luq yarımstansiyaların yenidən qurulması və inşası, müxtəlif gücdə 4749 ədəd KTM-nin quraşdırılması, 110;35;10;6 və 0.4 kV-luq elektrik verilişi xətlərinin tikintisi aparılmalıdır. Tədqiq olunan ərazilərdə nəzərdə tutulan elektrik şəbəkələrinin yenidən qurulması, elektrik enerjisinə olan tələbatın ödənilməsinə, rayonların elektrik təchizatının yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azaldımasına, şəbəkələrdəki texniki itkilərin minimuma çatdırılmasına imkan yaradacaq.

 

IMG-20150524-WA0025


          Ölkə ərazisində “Azərişıq” ASC-yə məxsus, yeni təhvil alınan 74 ədəd 110 kV-luq yarımstansiyalardan 12 faizi (9 ədəd),406 ədəd 35 kV-luq yarımstansiyalardan isə 5 faizi (20 ədəd), ümumi uzunluğu 105 min km təşkil edən 35;10;6 və 0.4 Kv-luq elektrik veriliş xətlərinin 10 faizi (10 min km) yenidən qurulub. Mövcud 35 kV-luq yarımstansiyaların qidalandırılması və öz aralarında əlaqələndirilməsi etibarsız radial sxem üzrə yerinə yetirilir ki, bu da sonda qəza açılmaları zamanı bir mənbədən elektrik enerjisi ilə təmin olunan istehlakçıların elektrik təchizatında uzun müddətli fasilələrin yaranmasına səbəb olur. Digər tərəfdən 35 kV-luq elektrik veriliş xətlərinin uzun müddət istismar edildiyindən texniki vəziyyəti qeyri qənaətbəxşdir. Əksər xətlərin uzunluğu normadan artıq olması ilə yanaşı xətlərin üzərində çoxlu sayda budaqlanmalar istismarda müvafiq çətinliklər yaradır. Yenidən qurulacaq yarımstansiyaların qidalandırıcı və əlaqələndirici 35 kV-luq elektrik verilişi xətlərinin yenilənməsi, şəbəkənin dayanıqlığını və etibarlığını təmin etmək üçün əlavə xətlərin quraşdırılması isə yüklərin simmetrik paylanmasına, şəbəkənin qoyulmuş qayda üzrə idarə olunmasına və elektrik enerjisi itkilərinin azaldılmasına gətirib çıxaracaq.
          Paylayıcı elektrik şəbəkələrində aparılacaq təmir, bərpa və yenidənqurma işləri “Azərişıq” ASC-nin 7 RETSİ üzrə nəzərdə tutulub. Fəaliyyət planında qeyd olunan obyektlərin tikintisi və yenidənqurma işləri 5 il ərzində həyata keçirilməsi planlaşdırılıb. Hazırda 4 ərazidə yarımstansiyaların tikintisi yekunlaşıb. İlk olaraq 35 kilovoltluq Fatmayi, Xaçmaz, Sarıqaya və Gəncədəki Nizami yarımstansiyaları inşa edilib istifadəyə verilib.
          Ölkəmizdə aparılan düzgün siyasi və iqtisadi strategiyanın nəticəsidir ki, dünyada və regionda baş verən iqtisadi, sosial, humanitar böhranlara baxmayaraq ölkəmizin dinamik inkişafı uğurla davam edir. I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi dediyimizə sübutdur. Bu beynəlxalq idman tədbiri biz energetiklər üçün də böyük bir sınaq idi. Bu mötəbər tədbirin uğurla başa çatmasında elektrik enerjisi təchizatının dayanıqlılığı və yüksək keyfiyyətli təminatı da xüsusi əhəmiyyət kəsb etdi. Bu məqsədlə “Azərişıq” ASC üzrə xüsusi tədbirlər planı hazırlanaraq konkret sxemlərlə həyata keçirilmişdi. Hər bir əməkdaşla xüsusi hazırlıq işləri aparılmış, texniki personalın peşəkarlıq səviyyəsinin yüksəldilməsi və gözlənilməz hadisələrin operativ aradan qaldırılması məqsədilə proqramlaşdırılmış treninqlər həyata keçrilmiş, dəfələrlə yoxlama-sınaq işləri aparılmış və 24 saatlıq növbətçilik rejimi yaradılmışdı.
          I Avropa Oyunlarının keçiriləcəyi bütün məkanların, xüsusən də Olimpiya Stadionunun, Heydər Əliyev adına İdman Kompleksinin, Gimnastika Mərkəzinin, Su İdman Sarayının, Atletlər kəndinin, Üzgüçülük Hovuzunun, idmançıların və qonaqların yerləşəcəyi çoxsaylı hotellərin, onların istirahəti üçün nəzərdə tutulmuş sosial təyinatlı obyektlərin, muzeylərin, İçərişəhər Dövlət Qoruğunun ərazisindəki infrastrukturların, parkların, küçələrin, fəvvarələrin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin olundu.

 

avtomobiller


          Bu uğurlar isə təkcə paytaxt Bakı ilə səciyyələnmirdi. I Avropa Oyunlarının bir hissənin keçirildiyi Mingəçevir şəhərindəki idman obyektlərinin elektrik enerjisi təchizatı, habelə ölkəmizin ən ucqar nöqtələrində belə yaşayan vətəndaşlarımızın idman oyunlarını yüksək bayram əhval-ruhiyəsi ilə izləmələri energetiklərimiz tərəfindən təmin edildi.
          I Avropa Oyunları sübut etdi ki, Azərbaycan hər cür kütləvi beynəlxalq tədbirlərin keçirilməsi üçün ən uğurlu məkanlardan biridir.
          İndi hər bir rayonda, şəhərdə, qəsəbədə və kənddə yenidənqurma işləri aparılır. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırılır. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji nailiyyətlərlə təchiz olunur.
Regional şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər onların idarə edilməsi, normativlərə əməl olunması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Belə ki, kadrların təkmilləşdirilməsi, yenidən hazırlanması məqsədi ilə davamlı olaraq stasionar və səyyar treninqlər təşkil edilir. Gənc kadrlar xüsusi layihə çərçivəsində Səhmdar Cəmiyyətin müasir maddi-texniki bazası olan Tədris Mərkəzində təkmilləşdirilərək rayon və şəhər elektrik şəbəkələrində müxtəlif istiqamətlər üzrə işə qəbul olunurlar.

 

DSC_1755


          Bütün bunlarla yanaşı, “Azərişıq” ASC - də yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik gənc kadrların hazırlanması işi davam etdirilir. Kadr hazırlığında görülən işlərin davamı olaraq, bu ilin ilk ayından başlayaraq, treninqlər təşkil edilib. Treninqlər ilboyu müxtəlif istiqamətlərdə aparılır. Bunun üçün “Azərişıq” ASC-nin yüksək səviyyədə təmin edilmiş Tədris Mərkəzi fəaliyyət göstərir. Tədris Mərkəzində yerli mütəxəssislərlə yanaşı xarici ölkələrdən də peşəkarlar dəvət olunur. Məqsəd dövlətimiz üçün yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir.
          “Azərişıq” ASC elektrik enerjisi haqlarının ödənilməsində də köhnə stereotiplərin aradan qaldırılmasına çalışır. Bu istiqamətdə istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərin diqqətinə çatdırılır ki, istifadə etdikləri elektrik enerjisinə görə ödəmələri “Azərişıq”ASC-nin Regional Enerji Təchizatı və Satışı İdarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Bundan başqa internet üzərindən “azerishiq.az” saytı vasitəsilə “onlayn” rejimdə də ödəmə aparıla bilər.
Artıq bir ildən artıqdır ki, “Azərişıq” ASC Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri ilə birgə fəaliyyət göstərir.
Asan xidmət mərkəzlərində abunəçilərimiz
- Borcun olmamasına dair arayışın verilməsi
- Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi
- Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması
- Qeyri-əhali üzrə texniki şərt müraciətlərinin qəbulu
- Borcun araşdırılması xidmətlərindən yararlana bilirlər.
          “Azərişıq” ASC “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayını artıraraq Bərdə və Gəncə “ASAN xidmət” mərkəzlərində də fəaliyyətə başlayıbdır.

 

DSC_1831


          Noyabr ayının 1-də keçiriləcək Azərbaycan Respublikası parlamentinə seçkilər ilə bağlı bütün seçki məntəqələrində, eləcə də namizədlərin görüşləri təşkil olunacağı ərazi, klub və toplantı yerlərini dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchiz edəcək. “Azərişıq” ASC-də bunun üçün hər cür şərait yaradılıb,texniki tədbirlərlə yanaşı, “Azərişıq” ASC-də xüsusi qərargah yaradılıb, yarımstansiyalar və transformator məntəqələrində operativ növbətçi heyətlə bərabər inzibati texniki və rəhbər vəzifəli şəxslərdən ibarət “Məsul növbətçi”lər də təhkim edilib, maşın-mexanizmlər, əlavə avadanlıq və materiallarla təmin olunub. Onlar öz üzərinə düşən vəzifənin tam məsuliyyəti ilə icrasına hazırdırlar.
          “Azərişıq” ASC olaraq bizim ən ümdə vəzifəmiz Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıları keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək, ölkə başçısının etimadını yüksək səviyyədə doğrultmaqdır. Ötən doqquz ay deməyə əsas verir ki, biz bu yolda inamla irəli gedirik.
Bütün görülən tədbirlər, yaradılan şərait və infrastruktur deməyə əsas verir ki, çox yaxın zamanlarda “Azərişıq” ASC tərəfindən ölkəmizin ən ucqar nöqtələrində belə Azərbaycan vətəndaşları regionda ən keyfiyyətli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunacaq. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin böyük bacarığı ilə davam etdirilən “İşıqlı Azərbaycan” layihəsi özünün tam olimpinə qovuşacaq. Paytaxtımız Bakı kimi bütün kənd və rayonlarımız işıq nuruna qərq olacaq və ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Azərbaycan dünyaya günəş kimi doğacaq!”

 

          Baba RZAYEV,
          “Azərişıq” ASC-nin sədri