• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Şəki rayonunda yeni ofis binası tikilib istifadəyə verildi

Paylaşma tarixi: 29 mart 2016


    «Аzərişıq» ASC Region Elektrik Şəbəkələrində yenidənqurma işlərini davam etdirir. İstehlakçıların davamlı, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Bu istiqamətdə şəbəkələr üçün tikilmiş yeni binalar da xüsusi əhəmiyyət daşıyır. Şimal Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi üzrə yeni belə bir inzibati bina  Şəki  rayonunda  tikilib və abonentlərin istifadəsinə verildi.

 

 

       Ofis binasında elektrik şəbəkənin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.

 

        

 

    Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımi vəsaitlərlə təchiz edilib. Yeni ofisdə səmərəli fəaliyyət üçün bütün şərait qurulub və mal-material, avtomobillərlə təchiz edilib. İnzibati binanın ətrafında abadlıq işləri də aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib.Hazırda “Azərişıq” tərəfindən aparılan tikinti-quruculuq işləri intensiv şəkildə davam etdirilir. Cari ilin sonuna kimi daha 20  rayonda yeni inzibati binalar inşa olunacaqdır.

 

    2015-ci  ildə Respublikamızın 18 rayonunda - Cəlilabad, Ağsu, Ucar, Siyəzən, Sabirabad və digər rayonlarda,cari ilin əvvəlində isə  Göyçay və Biləsuvar rayonları,Yevlax şəhəri və Nardaran qəsəbəsində yeni inzibati binalar tikilərək əməkdaşlar və həmin rayonlardan olan abonentlərin istifadəsinə verilmişdir.

 
     “Azərişıq” ASC yaranan gündən  reablitasiya planına əsasən  Şəki Elektrik Şəbəkəsində istehlakçiların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 110-35-10(6)-0,4 kV-luq şəbəkələrin yenidən qurulması,əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb.  16.7 km 35 kV-luq EVX-ləri yenidən qurulmuş, 155 ədəd 35 kV-luq dayaq basdırılmışdır. 12.5 km 10 kV-luq EVX-ləri yenidən qurulmuş, 350 ədəd 10 kV-luq dayaq basdırılmışdır. 13.4 km ÖİN xətti çəkilib. 766 ədəd 0.4 kV-luq dayaq  basdırılmış, 1520  ədəd sayğac quraşdırılmışdır. 26 ədəd müasir tipli müxtəlif güclərdə KTM quraşdırılmış və Şəbəkəyə qoşulub.35/10 kV-luq 4 MVA gücündə “Aşağı Göynük” YS-sı yenidən qurulmuşdur. 110 kV-luq 1-2-ci Zaqatala hava xəttindən budaqlanma ilə yeni 110 kV-luq hava xətti çəkilərək, 1 ədəd üç dolaqlı 110/35/10 kV-luq 5.6 MVA gücündə  transformator quraşdırılmış, hal-hazırda  110/35/10 kV-luq “Göynük” YS adı şəbəkəyə qoşulmuşdur.

 

    Şəki rayonunda elektrik tələbatçılarını dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün 2016 –cı il ərzində görüləcək işlər:

 

    110/35/10 kV-luq “Cəfərabad” YS, 35/10 kV-luq “Köbər-Zəyzid” Yarımstansiyalarının yenidən qurulması;35 kV-luq Taxılçılıq h/x, 35 kV-luq Şəki- Çeşməli h/x, 35 kV-luq Cəfərabad - Çeşməli h/x-nin (ümumilikdə 43.4 km) yenidən qurulması;10 kV-luq Aydınbulaq, 10 kV-luq İnçə-Zunut, 10 kV-luq Qudula, 10 kV-luq Cumakənd, 10 kV-luq B.Zəyzid hava xətlərinin (ümumilikdə 153.93 km) qurulması;48.8 km ÖİN xəttinin çəkilməsi;30 ədəd müxtəlif gücdə KTM quraşdırılması nəzərdə tutulub.

 

                                                               

 

    İlk günlərdən başlayaraq yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənərək müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi öz məntiqi nəticələrini verməkdədir. Aparılan yenidənqurma işləri rayonların elektrik enerjisi təchizatı sahəsində əsaslı dönüş yaradıb. Fiziki və mənəvi cəhətdən öz  istismar müddətini başa vurmuş transformatorlar yeniləri ilə əvəz edilib. Enerji itkisinə səbəb olan elektrik naqilləri dəyişdirilərək kabellərlə əvəz olunur. Çürümüş, yararsız vəziyyətdə olan ağac dirəklər dəmir-beton dirəklərlə əvəz olunur. Rayonların mərkəzində, kənd və qəsəbələrində enerji təchizatı günbəgün yaxşılaşır.