• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Azərbaycanda ən müasır elektroenergetıka sıstemı yaranır

Paylaşma tarixi: 10 avqust 2016


Mən xoşbəxtəm ki, Azərbaycanın müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam.

Heydər ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 avqust 2006-cı il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə”ASC-nin fəaliyyəti bərpa edilməklə elektrik paylayıcı şəbəkələrdə islahatlara start verilmişdir.
Dövlət rəhbərinin müvafiq tapşırıqlarına əsasən sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri elektrik təsərrüfatında ölkənin sürətli sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq yenidənqurma işləri həyata keçirilmişdir. Belə ki, Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 2016-cı ilə 6 200 MVA-ya qaldırılıb, texniki itkilər 16,9 faizdən 7,8 faizə endirilib, güc defisiti və ifrat yüklənmələr aradan qaldırılıb, respublikamızda ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. Bununla da istehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin edilib.
Ötən müddətdə Bakı şəhəri beynəlxalq səviyyəli ən mötəbər tədbirlərə evsahibliyi edib ki, həmin zamanlarda digər xidmət sahələri kimi, Bakı şəhəri elektrik şəbəkəsi də istehlakçılara beynəlxalq standarta uyğun səviyyədə xidmət etməyə qadir olduğunu göstərmişdir.
Qeyd edilənlərə əsasən və on ildən artıq müddətdə respublikamızın regionlarının sosial-iqtisadi inkişafına yönələn proqramların icrası, həmçinin elektrik paylayıcı şəbəkələrdə islahatların növbəti mərhələsi kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə”ASC-nin adı dəyişdirilərək “Azərişıq”ASC adlandırılmaqla ölkə ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq”ASC-yə həvalə edilmişdir.

 

Heydər Əliyev və Azərbaycan elektroenergetikası

 

 

Ötən əsrin ortalarında - 1969-cu ilin 14 iyulunda ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ölkəmizin həyatında sözün həqiqi mənasında, işıqlı bir yolun, qarşısıalınmaz inkişaf erasının başlanğıcı oldu. Dahi lider zəngin və mənalı ömür yolunu Azərbaycan xalqının tərəqqisinə, maddi rifahının yüksəlməsinə, dünya xalqları arasında şərəfli yer tutmasına, elminin və mədəniyyətinin inkişafına sərf etmişdir. İstər 1969-1982-ci illərdə, istərsə də 1993-2003-cü illərdə Azərbaycanın qazandığı nailiyyətlər böyük rəhbərin adı ilə bağlıdır. Respublika bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etmiş, sosial-iqtisadi və intellektual resurslarına görə keçmiş SSRİ-də öncül yerlərdən birini tutmuşdu. Bu baxımdan, Azərbaycanda enerji təhlükəsizliyi sisteminin təməli də 1970-ci illərin əvvəllərində məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ulu öndər respublikanın elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyi və xalqımızı fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə gərgin fəaliyyət göstərmişdir. 1970-1980-ci illər ərzində ümummilli lider iqtisadiyyatın inkişafı və sosial vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ilk növbədə, enerji təhlükəsizliyi sisteminin möhkəm bünövrəsini yaratmağı, neft-qaz sənayesini və elektroenergetika sahəsini yeni texnika və texnologiya əsasında gücləndirməyi məqsədəuyğun hesab etmişdir.
Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi təchizatınin müəyyən qisminin daxili imkanlar hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 1971-ci ildə Araz çayı üzərində gücü 22 MVt olan “Araz” Su Elektrik Stansiyası inşa edildi.
Qarabağ bölgəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldar torpaqların suvarılması üçün su anbarının yaradılması, bölgənin elektrik enerji təchizatının yaxşılaşdırılması, enerjinin ötürülməsində itkilərin azaldılması məqsədilə Tərtər çayı üzərində 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası istifadəyə verildi.
Ötən əsrin 70-ci illərinin sonunda respublikanın ümumi gücü 2882 MVt olan elektrik stansiyaları 15,4 milyard kVt/saat elektrik enerjisi istehsal edirdi. Bununla belə, sürətli inkişafda olan iqtisadiyyatın durmadan artan tələbatı Azərbaycanı qonşu respublikalardan 2,9-3,5 mlrd kVt/saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda Şəmkir SES-in və indiki “Azərbaycan” DRES-in inşası həyata keçirildi. 1980-ci illərdə gücü 380 MVt olan “Şəmkir” SES və elə bu gün də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət, kritik parametrdə də yüksək parametrlərdə işləmək imkanına malik “Azərbaycan” DRES istismara verildi.
Mingəçevir “Azərbaycan” DRES-nin birinci enerji blokunun işə salınması ərəfəsində - 1981-ci ilin 20 oktyabrında ulu öndər Heydər Əliyevin Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi unudulmaz tarixi hadisə idi. Xalqımızın ümummilli liderinin respublikamıza bəxş etdiyi maddi-mənəvi nailiyyətlər sırasında xüsusi yeri, çəkisi olan “Azərbaycan” DRES indinin özündə də ümumilikdə Cənubi Qafqaz məkanının ən iri istilik-elektrik stansiyası sayılır.
Onu da vurğulayaq ki, bu tarixi gün - indi 20 oktyabr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi qeyd olunur. Kollektiv 2015-ci ildə “Energetiklər günü”nü ilk dəfə olaraq yeni ad altında - “Azərişıq” ASC kimi qeyd etmiş və ümummilli liderin Fəxri xiyabandakı məzarını ziyarət etmişdir.
1993-cü ilin iyununda böyük rəhbər Heydər Əliyev xalqın istəyi və təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan, müstəqil Azərbaycan dövlətini dünyanın siyasi xəritəsindən silinməkdən, bir dövlət kimi məhv olmaqdan xilas etdikdən sonra iqtisadiyyatı dirçəltmək, onu yenidən inkişaf yoluna çıxarmaq üçün düşünülmüş strategiya həyata keçirdi. Həmin ərəfədə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektroenergetika sistemində də böyük böhran vəziyyəti yaranmış və sistemin ahəngdar işi pozulmuşdu. Enerji təchizatı sahəsində bütün ölkədə, o cümlədən paytaxt Bakıda dağılmış təsərrüfat hökm sürməkdə idi. Ümummilli lider enerji sistemini böhrandan çıxarmaq, onun maddi-texniki bazasını yeniləşdirmək və möhkəmləndirmək, dağıdılmış elektrik təsərrüfatını bərpa etmək üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirməyə başladı.
Ötən əsrin axırlarında paytaxt Bakının enerji təchizatında yaranan problemləri həll etmək məqsədilə bir sıra mühüm addımlar atıldı. Belə ki, ulu öndər tərəfindən 1999-cu il noyabrın 8-də “Bakıelektrikşəbəkə” İstehsalat Birliyinin özəlləşdirməyə hazırlanması haqqında” sərəncam imzalanmışdı. Haşiyə çıxaraq xatırladaq ki, Bakı elektrik şəbəkəsi 1920-ci ildən etibarən bir sıra qurumların tərkibində fəaliyyət göstərmişdir. 1929-cu ilə qədər Azneftin “Elektrotok” idarəsinin tərkibində olmuş, 1929-cu ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Bakı Şəhər Elektrik Şəbəkəsi (BaŞEŞ) Bakı Şəhər Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Sovetinin Qərarı ilə 1963-cü ildə “Azərenerji” Nazirliyin tabeliyində olmuşdur. 1969-cu ildən 2000-ci ilə qədər isə Bakı Şəhər İcraiyyə Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərmişdir.
Azərbaycan Prezidentinin 8 noyabr 1999-cu il tarixli sərəncamından bir müddət sonra dövlət başçısının 2000-ci il 14 iyun tarixli sərəncamı ilə paytaxtın elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılması və şəhərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə “Bakıelektrikşəbəkə” İstehsalat Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Enerji Nəzarəti və Satışı Müəssisəsi ləğv edildi, onların və habelə şəhər icra hakimiyyətinin Avtonəqliyyat və Mexanizasiya Baş İstehsalat İdarəsinin, Təmir-tikinti, Quraşdırma və Sazlama İstehsalat Müəssisəsinin Bakı şəhərinin elektrik şəbəkəsinə xidmət edən strukturlarının, “Azərenerji”nin paytaxtın enerji təchizatını təmin edən və onun inzibati ərazisində yerləşən 110 kV-luq və aşağı gərginlikli elektrikveriliş xətlərinin, yardımçı stansiyalarının və onların dispetçer idarəetmə vasitələrinin, binadaxili elektrik təchizatı idarəsinin bazasında - “Bakıelektrikşəbəkə” Açıq Tipli Səhmdar Cəmiyyəti yaradıldı.
“Bakıelektrikşəbəkə” ATSC-nin yaradılması və əlverişli şərtlərlə uzunmüddətli idarəedilməyə verilməsi həmin dövrdə daxili imkanların məhdudluğu səbəbindən bu strukturda müvafiq inkişaf sürətinə nail olunmaması ilə əlaqədar idi. Səhmdar cəmiyyətin idarəetməyə verilməsi yeni texnologiyaların tətbiqi ilə şəbəkəni modernləşdirmək, paytaxtın elektrik təchizatında əsaslı dönüş yaratmaq zərurətindən irəli gəlirdi. Elə bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli sərəncamına uyğun olaraq keçirilən açıq müsabiqənin qalibi olmuş Türkiyənin “Barmek Holdinq A.S.” şirkəti 2002-ci ilin yanvarından fəaliyyətə başladı. “Barmek Holdinq A.S.” şirkəti ilə “Bakıelektrikşəbəkə” ASC-nin 25 il müddətinə idarə olunmasına dair müqavilə bağlandı.
Bağlanmış müqaviləyə əsasən, yeni yaradılmış “Barmek Azərbaycan” MMC Bakı Şəhər Elektrik Şəbəkəsinə müasir texnologiyaların gətirilməsini, onun balansında olan 150-yə qədər yüksək gərginlikli yarımstansiyanın və xətlərin modernləşdirilməsini, qəza vəziyyətində olan 1600-dək iki transformatorlu 10 kilovoltluq yarımstansiyanın, uzunluğu 8 min kilometrdən artıq olan orta və alçaq gərginlikli kabel və hava xətlərinin yeniləşdirilməsini, texniki itkilərin azaldılmasını təmin etməli idi. Bundan başqa, “Barmek” istehlakçıların yeni, müasir sayğaclarla təmin edilməsinə və eləcə də elektrik enerjisi haqqının yığımının artırılmasına, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına da nail olmalı idi.
“Barmek Azərbaycan” MMC Bakı şəhərinin və ətraf qəsəbələrin sakinlərinin və müəssisələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində ciddi qüsurlara yol verdi. “Barmek Azərbaycan” MMC tərəfindən müvafiq fəaliyyət sahəsinə investisiya yatırılması və dünyanın müasir tələblərə cavab verən yeni texnologiya və avadanlıqlarının gətirilməsi və tətbiq edilməsi ilə bağlı demək olar ki, əhəmiyyətli heç bir iş görülmədi. Az miqdarda gətirilən elektrik avadanlığı Türkiyənin, Çinin və Rusiyanın 1970-1980-ci illərdə istehsal etdikləri yetərincə köhnə, yəni, müasir tələblərə cavab verməyən texnologiyalar və materiallar idi. Şirkətin istifadə etdiyi kabel məhsullarının 60-70 faizi vinil izolyasiyalı alüminium kabellər idi ki, bunların istifadə olunması hələ 1970-ci illərdə “Bakıelektrikşəbəkə” tərəfindən qadağan edilmişdi. Şəhərin mərkəzi hissəsində köhnə dayaq borulardan istifadə olunmaqla hava xətləri çəkilmişdi.
2002-2006-cı illərdə paytaxtın paylayıcı şəbəkəsində “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC tərəfindən 1 ədəd belə 110 kV-luq yarımstansiya inşa edilmədiyi və həmin şəbəkədə ümumiyyətlə, heç bir əməli iş görülmədiyi səbəbindəndir ki, əsas yük mərkəzi olan 110 kV-luq yarımstansiyaların təqribən 60 faizi ifrat yüklənirdi. Avadanlıqların əsas hissəsinin istismar müddəti ötmüş 35 kV-luq paylayıcı şəbəkələrdə də ifrat yüklənmə 70 faiz təşkil edirdi.
“Barmek Azərbaycan” MMC-nin fəaliyyəti dövründə orta və alçaq gərginlikli şəbəkələrin pis vəziyyətdə olması nəticəsində abonentlər keyfiyyətli elektrik enerjisi ilə təmin edilmirdi. Axşam maksimum yüklənmə saatlarında Bakı şəhərinin əksər əhalisi, xüsusilə şəhərətrafında yaşayan əhali keyfiyyətsiz elektrik enerjisi (200 V-dən aşağı) alırdı. Şirkət texniki itkiləri azaltmaq üçün də öhdəlikləri yerinə yetirmədi. “Barmek Azərbaycan” MMC tərəfindən baxımsızlıq və nəzarətsizlik üzündən Bakı şəhərinin mərkəzi hissəsində güc zəifliyi əmələ gəlmişdi, yeni yaşayış yerlərində isə ümumiyyətlə, şəbəkə yaradılmamışdı. Şirkətin az sayda quraşdırdığı Hindistan və Çin istehsalı olan sayğaclara isə müdaxilə asan olduğundan, tez-tez mənfi hallar baş verirdi. Əhali abonentləri üzrə yığım faizi 26 faiz təşkil edirdi.
Bütün bu səbəblərə görə “Barmek Azərbaycan” şirkətinin idarəçiliyi 2006-cı ilin avqust ayından dayandırıldı.

 

“Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətinın bərpası

 

 

Əhalinin və digər istehlakçıların haqlı narazılıqları və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində heç bir tədbirin görülməməsi, eyni zamanda, həmin problemlərin daha da geniş miqyas alması ölkə rəhbərliyinin diqqətindən kənarda qalmadı. Dövlətimizin başçısı Bakı şəhərinin və ətraf qəsəbələrin elektrik enerjisi ilə təchizatında “Barmek Azərbaycan” MMC-nin yarıtmaz fəaliyyəti nəticəsində yaranan ciddi problemləri təcili şəkildə aradan qaldırmaq üçün müvafiq addımlar atdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 10 avqust 2006-cı il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyətinin bərpası Bakı şəhərində elektrik təchizatında yaranmış böhranın aradan qaldırılmasında müsbət nəticələr əldə edilməsi üçün görülmüş tədbirlərdən birincisi olmaqla, elektrik paylayıcı sahələr üzrə islahatlara start verilmiş oldu. Bu qərarın vaxtında qəbul edilməsi bu gün oz müsbət nəticələrini əyani surətdə göstərməkdədir.

 


2006-cı il dekabrın 1-də Prezident İlham Əliyevin sədrliyi ilə qış mövsümünə hazırlıqla bağlı keçirilmiş müşavirədə “Bakıelektrikşəbəkə”də yaranmış vəziyyət barədə də ətraflı söhbət getmişdir. Dövlət başçısı “Barmek Azərbaycan” şirkətinin yarıtmaz fəaliyyətindən danışaraq demişdir: “Uzun illər ərzində “Barmek” şirkəti tərəfindən aparılan işlərin heç bir müsbət nəticəsi olmamışdır, heç bir əsaslı vəsait qoyulmamışdır, investisiyalar qoyulmamışdır. “Barmek” üzərinə götürmüş öhdəliklərini yerinə yetirməmişdir və nəticədə bizim paylayıcı sistemimiz çox yararsız vəziyyətə düşmüşdür. “Barmek”in bizim energetika sisteminə vurduğu zərbə çox böyük oldu. İndi bunu aradan qaldırmaq, vəziyyəti sağlamlaşdırmaq üçün nə qədər böyük işlər görürük”.
Prezident İlham Əliyev ümumən energetiklərin qarşısında duran vəzifələri də vurğulamış və bildirmişdir ki: “Vəzifələr aydındır: əhalini elektrik enerjisi ilə fasiləsiz təmin etmək, energetika sistemini - həm istehsal edən sistemi, həm də paylayıcı sistemi müasirləşdirməkdir ki, Azərbaycanda ən müasir standartlara cavab verən energetika sistemi yaransın”.

 

2006-2016 Paylayıcı elektrik şəbəkələrində islahatlar

 

 

Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq”ASC yarandığı 2015-ci ilin əvvəlinə 9,500 MVA-dan 2016-ci ilin birinci yarımilliyinə 11,111 MVA-ya qaldırılıb. 2016-cı ilin sonuna 12, 561 MVA təşkil edəcək.
Onu da deyək ki, faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 87 faiz o, cümlədən Bakı şəhəri üzrə 98,3 faiz təşkil edir. İşçilərin orta aylıq əməkhaqları 2006-cı ildə 340 manat, 2016-cı ildə 625 manat, Bakı regionu üzrə 570 manat, rayonlar üzrə isə 418 manat təşkil edir. Vergi öhdəlikləri isə tamamilə yerinə yetirilmişdir.

 

Paytaxtın elektrik şəbəkəsində aparılan islahatların keyfiyyətcə yeni mərhələsi

 

 

Son 10 ildə görülən işlər, tikilən yarımstansiyalar elektrik şəbəkəsində aparılan islahatların keyfiyyətcə növbəti mərhələsinin başlanğıcı hesab olunur. Diqqət edək: 2007-ci ildə 110/35/10 kV-luq “Buzovna”, 35/10 /6 kV-luq “Bilgəh”, 2008-ci ildə 110/35/10 kV-luq 215 saylı yarımstansiya, 110/35/10 kV-luq “Şıx”, 35/10 kV-luq “Amburan” və tikintisinə 2008-ci ildə başlanılıb 23 aprel 2009-cu ildə açılış mərasimi keçirilən 110/35/6 kV-luq 203 saylı yarımstansiya, 2009-cu ildə 110/35/6 kV-luq 227 saylı yarımstansiya, 110/35/10 kV-luq “Hava Limanı” yarımstansiyası, 2010-cu ildə 110/35/6 kV-luq “Xocasən”, 35/6 kV-luq 486 saylı və 110/35/6 kV-luq “Köhnə Bayıl” yarımstansiyası tikilib istifadəyə verilmişdir.
Təkcə 2011-ci ildə 7 ədəd - 110/35/6 kV-luq “Badamdar”, 110/35/10 kV-luq “Dağlıq”, 35/6 kv-luq 117 saylı, 35/10 kV-luq 99 saylı, 35/6 kv-luq 249 saylı, 35/10 kV-luq “Dağüstü Park”, 35/6 kV-luq 111 saylı yarımstansiyalar tikilmişdir.
Məlum olduğu kimi, 2012-ci ildə Bakıda ilk dəfə olaraq “Eurovision” mahnı müsabiqəsi keçirilmişdir. Bakı müsabiqəsi bütün cəhətlərinə görə yüksək səviyyədə təşkil olunması ilə fərqlənmişdir. Bu işdə ASC kollektivinin də rolu olmuşdur. Belə ki, “Bakıelektrikşəbəkə” tərəfindən 110/20/6 kV-luq köhnə “Bayıl” yarımstansiyasının yerində müasir tipli və 110/35/6 kV-luq “Bayıl” yarımstansiyası tikilmişdir. Bundan başqa, istismara yararsız 119 saylı yarımstansiyanın əvəzinə 110/35/6 kV-luq yeni “İçərişəhər” yarımstansiyası istismara verilmişdir. Bu yarımstansiyalar 110 kV-luq ikidövrəli kabel xətləri vasitəsilə ilə əlaqələndirilmişdir. Həmçinin 35/10 kV-luq “Bayraq meydanı” yarımstansiyası tikilib istismara verilmişdir. Bundan başqa, həmin ildə 110/20/6 kV-luq “Yeni Bayıl”, 110/35/10 kV-luq “Yasamal-2”, 110/35/10 kV-luq “Dərnəgül-1”, 110/35/10 kV-luq “Liman” yarımstansiyaları da fəaliyyətə başlamışdır.
110/35/6 kV-luq “İçərişəhər” yarımstansiyası paytaxtın elektrik şəbəkəsində aparılan islahatların keyfiyyətcə növbəti mərhələsinin başlanğıcı hesab edilə bilər. “Dairəvi sistem”ə əsaslanan 110/35/10 kV-luq qapalı tipli “İçərişəhər” yarımstansiyası MDB məkanında 110 kV-luq eleqaz avadanlığı ilə təchiz olunmuş ilk qapalı tipli yarımstansiyalardan biridir. Açıq tipli yarımstansiyalardan qat-qat az yer tutan, rele müdafiəsi və eleqaz avadanlıqları ilə təchiz edilən, təhlükəsiz, rahat və operativ idarə olunan belə stansiyalar müasir dövrdə, xüsusilə meqapolislər üçün olduqca əlverişlidir.
Onu da vurğulayaq ki, 2013-ci ildə həmçinin paytaxtda 35/10 kV-luq “Gənclik” və 35/6 kV-luq 118 saylı yarımstansiyaların açılışı olmuşdur.

 

I Avropa Oyunlarına hazırlıq və yüksək səviyyəli xidmət

 

 

2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edildi və Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəklədi. 2013-cü ildə isə bu idman bayramına hazırlıqlar başlandı. Yanvar ayının 17-də Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradıldı və qurumun iclaslarında dövlət başçısı bütün strukturlara xüsusi göstərişlər verdi. “Bakıelektrikşəbəkə”nin üzərinə düşən vəzifə isə yarımstansiyaların yenidən bərpası, yenilərinin inşası və şəhərin ayrı-ayrı ərazilərində istehlakçıların elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaqdan ibarət idi. Üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələn ASC tərəfindən bu müddət ərzində 4 ədəd 110 kV-luq yarımstansiya (204 saylı, “Kürdəxanı”, “Ağ şəhər”, “Həzi Aslanov”), 7 ədəd 35 kV-luq yarımstansiya (“Koroğlu”, 35, 217, 208, 88, 81, 94 saylı yarımstansiyalar) tikilib istifadəyə verildi. Onu da deyək ki, qeyd edilən yarımstansiyalar 110 və 35 kV-luq kabel xətləri vasitəsi ilə əlaqələndirilmişdir. Eyni zamanda, I Avropa Oyunlarının keçiriləcəyi bütün məkanların, xüsusilə Olimpiya stadionunun, Heydər Əliyev adına İdman Kompleksinin, Gimnastika Mərkəzinin, Su İdman Sarayının, Atletlər kəndinin, üzgüçülük hovuzunun, idmançıların və qonaqların yerləşdiyi çoxsaylı hotellərin, sosial təyinatlı obyektlərin, tarixi məkanların, muzeylərin, parkların, küçələrin, fəvvarələrin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təchizatını yüksək səviyyədə təmin etmək üçün müvafiq tədbirlər görüldü.
“Bakıelektrikşəbəkə”nin fəaliyyətinə yüksək qiymət verən dövlət başçısı cənab İlham Əliyev 2013-cü il sentyabrın 25-də 204 saylı yarımstansiyanın açılışında etdiyi dərin məzmunlu, proqram xarakterli nitqində demişdir: “Mən çox şadam ki, Bakı Elektrik Şəbəkəsi uğurla fəaliyyət göstərir. Eyni zamanda, qeyd etməliyəm ki, şəbəkənin tam şəkildə dövlətə qayıtması barədə vaxtilə qəbul etdiyim qərar öz səmərəsini verməkdədir. Siz - şəbəkənin əməkdaşları bunu bilirsiniz, bu fərqi görürsünüz. Görürsünüz ki, strateji obyekt dövlətin əlində olanda burada nəzarət də, investisiya da və inkişaf da olacaqdır”.

 

Yarımstansiya - muzey

 

 

“Azərişıq” ASC-nin kollektivi paytaxtın elektrik təsərrüfatının inkişaf tarixinə də həssaslıqla yanaşır. 1914-cü ildə Bakının Binəqədi rayonunda neft sənayesi ilə əlaqədar tikilmiş 20 kV-luq qapalı tipli yarımstansiya ilkin vəziyyətində bərpa olunaraq Yarımstansiya-muzey yaradılmışdır. Ölkəmizdə ilk dəfə olaraq yaradılan yarımstansiya-muzeydə evimizin işığının hansı tarixi mərhələləri keçərək formalaşması, hansı texniki proseslərdən sonra mənzillərimizi işıqlandırması ilə tanış olmaq mümkündür. “Bakıelektrikşəbəkənin” 80 illik yubileyi ərəfəsində araya-ərsəyə gətirilən bu muzey çeşidli və dolğun eksponatları ilə seçilir. Ən əsası isə gələcək nəsillər şəbəkənin tarixi və 2006-cı ildən bəri paylayıcı elektrik şəbəkəsi sahəsində vüsət götürən yenidənqurma tədbirləri barədə dolğun məlumat ala bilirlər. Bu yarımstansiya XX əsrin əvvəllərində Binəqədi rayonu ərazisində mövcud olmuş neft mədənlərini elektrik enerjisi ilə təchiz etmək məqsədilə tikilmişdi. Yarımstansiyanın binası ilkin vəziyyətdə olduğu kimi restavrasiya olunmuş, ərazidə xüsusi abadlıq işləri aparılmışdır. Açıq havada xüsusi avadanlıqlar üçün sahələr yaradılmışdır. Yarımstansiyanın ekspozisiyaları 100 il əvvəlki dövrün layihəsinə uyğun olaraq elektromontaj olunmuşdur.

 

Fasiləsiz enerji təminatı

 

 

Paylayıcı elektrik şəbəkədə həyata keçirilən ən mühüm islahat Bakı şəhərində elektrik təchizatının dayanıqlığını və etibarlılığını təmin edən 110 kV-luq dairəvi təchizat sisteminin yaradılmasıdır. Ötən illərdə “Bakıelektrikşəbəkə”nin əsas hədəflərindən biri məhz dövlətin hərtərəfli dəstəyi ilə dünyanın ən inkişaf etmiş meqapolislərində olduğu kimi, respublikamızın paytaxtında da dairəvi təchizat sisteminin yaradılması idi. Bu sistemin yaradılmasında məqsəd 220 kV-luq qovşaq yarımstansiyalarından 110 kV-luq elektrik şəbəkələri vasitəsilə enerjinin şəhərin müxtəlif yerlərinə ötürülməsi, həmçinin hər hansı mənbədən olan elektrik təchizatında fasilə yarandığı təqdirdə istehlakçının digər mənbə hesabına enerji ilə təmin olunmasıdır.
Bu sxem günün istənilən vaxtında istehlakçıları elektrik enerjisi ilə dolğun, fasiləsiz təmin etməyə hərtərəfli imkan verir. Şəbəkənin bu istiqamətdə də gördüyü təxirəsalınmaz tədbirlər öz bəhrəsini vermişdir. İlk olaraq 110 kV-luq dairəvi sxem 220 kV-luq “Müşfiq” və “Xırdalan” qovşaq yarımstansiyaları arasında yaradılmışdır. Dairəvi sxemin yaradılması üçün yeni 110 kV-luq “Bayıl”, “İçərişəhər” və “Liman” yarımstansiyaları tikilib istifadəyə verilmişdir. “Müşfiq” - “Badamdar” - “Bayıl” yarımstansiyalararası ikidövrəli 110 kV-luq hava xətləri kabel xətləri ilə əvəz edilmişdir. Bu dairəvi sistem paytaxtın mərkəzindəki mühüm obyektləri - Bayraq meydanı, Milli Park, “Baku Crystal Hall”, “İçərişəhər” Dövlət Qoruğu, habelə neft mədənləri, yaşayış massivləri və müxtəlif sosial və məişət obyektlərini fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edir.
Bakının Qaradağ, Binəqədi, Yasamal və Nəsimi rayonlarının elektrik təchizatında dayanıqlığı və fasiləsizliyi təmin etmək üçün isə 220 kV-luq “Səngəçal” və “Müşfiq” qovşaq yarımstansiyaları arasında ikinci 110 kV-luq dairəvi sistem yaradılmışdır. Bunun üçün Xocasən qəsəbəsində müasir tipli 110/35/10 kV-luq “Xocasən” yarımstansiyası tikilmişdir. 110 kV-luq “Dağlıq” və “Yasamal-2” yarımstansiyaları yenidən qurulmuşdur. Bu dairəvi sistem yeni tikilən metro stansiyalarını, “Avtovağzal” kompleksini, Bakının su təchizatı sistemini, Bakı Stend Atıcılığı Kompleksini və digər obyektləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməyə imkan verir.
Həmçinin “Xırdalan” və “Nizami” yarımstansiyaları arasında üçüncü 110 kV-luq dairəvi sistem yaradılmışdır. Bu məqsədlə 110 kV-luq “BMKZ” və 204 saylı yarımstansiyalar qapalı tipli olmaqla, yenidən tikilmişdir. Bu yarımstansiyaları əlaqələndirmək üçün 36 km uzunluğunda 110 kV-luq ikidövrəli kabel xətti çəkilmişdir. Eyni zamanda, 110 kV-luq “BMKZ” və 203 saylı yarımstansiyalar arasındakı hava xətləri kabel xətləri ilə əvəzlənmişdir. Bu sistem Olimpiya stadionu, Milli Gimnastika Arenası, Atletlər kəndi, Heydər Əliyev adına neft Emalı Zavodu və Heydər Əliyev prospektindəki dövlət əhəmiyyətli obyektləri - ARDNŞ, Azərsu, Milli Sağlamlıq Mərkəzi, Dövlət Neft Fondu və başqa obyektləri fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edir.
Sayca dördüncü olan “Müşfiq”, “Xırdalan” və “Hövsan” yarımstansiyaları arasında 110 kV-luq dairəvi sistem üç qovşaq yarımstansiyalarını əlaqələndirir. Bunun üçün 110/35/10 kV-luq 210 saylı və 110/35/10 kV-luq “Həzi Aslanov” yarımstansiyaları tikilmişdir. Bu yarımstansiyalar da qapalı tiplidir və müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmişdir. Onları qidalandırmaq məqsədilə 110 kV-luq “Liman” - “210” - “Həzi Aslanov” - “Radiozavod” - “Əhmədli” yarımstansiyaları arasında ikidövrəli kabel xətləri quraşdırılmışdır. Bu dairəvi sistemin məqsədi Xətai və Nizami rayonlarının əksər hissəsini, “Ağ Şəhər” layihəsini, Yeni Bulvar - Zığ arası sahil boyu inşa edilən həm yaşayış, həm istirahət, həm də sosial obyektləri dayanıqlı enerji ilə təmin etməkdir.
110/35/10 kV-luq 2x40 MVA gücündə yeni “Buzovna-2” yarımstansiyanın tikintisi ilə Abşeron yarımadasında olan 110 kV-luq paylayıcı şəbəkələrin respublikamızın şimal bölgəsi ilə əlaqələndirilməsi planının ilk mərhələsidir. Bununla 3 elektrik stansiyanın (Şimal ES, Təmiz Şəhər ES, Sumqayıt ES) və 2 ədəd 220 kV-luq qovşaq yarımstansiyanın (“Zabrat” və “Sənaye Qovşağı”) əlaqələndirilməsi ilə 110 kV-luq elektrik təchizatı sxeminin etibarlığı artırılır. Bundan əlavə, yeni inşa edilmiş “Buzovna-2” yarımstansiyası mövcud 35 kV-luq şəbəkə üçün mənbə olduğundan ayrı-ayrı 35 kV-luq dairəvi sxemə aid olan yarımstansiyaları əlaqələndirir. Bu da öz növbəsində mövcud 35 kV-luq yarımstansiyalar arasında dairəvi elektrik təchizat sxeminin, elektrik şəbəkələrinin dayanıqlı iş rejiminin yaradılmasına şərait yaradır.

 

Bütün Azərbaycan ərazisini əhatə edən “Azərişıq”

 

 

“Bakıelektrikşəbəkə”nin təkcə Bakı və ətraf qəsəbələri deyil, bütün Azərbaycan ərazisini əhatə edən yeni bir quruma çevrilməsi ölkə başçısının apardığı iqtisadi və sosial siyasətin uğurlu nəticəsi idi.
2006-cı ildən başlayaraq 9 il müddətində görülən möhtəşəm işlər, Bakı və ətraf qəsəbələrin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı istiqamətində yaradılan yüksək səviyyəli xidmət, elmi-texniki nailiyyətlərdən səmərəli istifadə, peşəkar kadrların formalaşdırılması və s. mühüm işlərin nəticəsi kimi dövlət rəhbərliyi tərəfindən “Bakıelektrikşəbəkə” kollektivinə növbəti etimad göstərilərək bu fəaliyyətin təkcə Bakı və ətraf qəsəbələri deyil, bütövlükdə Azərbaycan ərazisini əhatə etməsi qərara alınmışdır.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli 1045 saylı sərəncamına əsasən, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirildi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradıldı.
Prezident İlham Əliyevin “İşıqlı Azərbaycan” layihəsinin reallaşdırılması çərçivəsində bu işin yeni yaradılan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə tapşırılması qürurverici faktdır. “Azərişıq” ASC-nin kollektivi bundan sonsuz şərəf duyur və Bakıda həyata keçirilən islahatların bütün Azərbaycanı əhatə etməsi istiqamətində, ölkəmizin ən ucqar yaşayış məntəqələrinin belə, nura bələnməsi naminə yorulmadan və iftixarla çalışmaqdadır.
“Azərişıq” ASC respublikamızın 57 rayon və şəhərini əhatə etməklə, 7 regional enerji təchizatı satış idarəsi yaratmışdır. Bunlar Bakı, Şimal, Cənub, Şimal-Qərb, Aran, Mərkəzi Aran və Qərb regional enerji təchizatı və satışı idarələridir. “Azərişıq” ASC-nin əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz etmək; yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə etmək; elektrik enerjisi istehsalçıları ilə əməkdaşlıqda diversifikasiyanı təmin etmək; ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaq; istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə təmin etmək və daim təkmilləşdirmək; elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək və sairədir.
Hazırda respublikanın bütün RETSİ-lərdəki elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, bütün qəsəbə və kəndlərin, bütövlükdə yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işləri geniş şəkildə və böyük sürətlə davam etdirilir.
“Azərişıq” yaradılarkən üzərinə çox böyük vəzifələr qoyulmuşdur. Bu vəzifələr şərəfli olmaqla, çox böyük məsuliyyət tələb edir. Bu missiyanın yerinə yetirilməsinin çətin olduğunu dövlətimizin başçısı da vurğulamışdır. Prezident İlham Əliyev bu məsələyə toxunaraq demişdir: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu il yaranıb. Cəmiyyətin qarşısında vəzifə qoyulubdur ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı kimi olsun. Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə köhnəlmiş infrastruktur əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni, bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır.
Bakıda da işlər davam edir. Baxmayaraq, bir neçə ildir ki, biz Bakıda təminatı artıq maksimum dərəcədə həll etmişik. Ancaq əlbəttə ki, şəhər böyüyür, əhali artır, yeni sənaye obyektləri, ictimai obyektlər, idman qurğuları yaradılır, “Ağ şəhər” kimi şəhər içində şəhər tikilir. Bütün bunlar əlavə enerji resursu almalıdır. Ona görə yeni yarımstansiyalar inşa edilir, yeni elektrik stansiyalarının tikintisi məsələsi müzakirə olunur. Hazırda bizdə generasiya gücü kifayət qədərdir, ancaq biz gələcəyə baxmalıyıq. Generasiya gücü həmişə tələbatdan 10-15, bəlkə də 20 faiz artıq olmalıdır. Həm ehtiyat kimi saxlamalıyıq, həm də bizim ixrac potensialımız da var.
Biz elektrik enerjisinin ixracı ilə məşğuluq. Bunu gələcəkdə daha da böyük həcmdə edə bilərik. Ancaq əlbəttə ki, ilk növbədə, ölkə daxilində, xüsusilə bölgələrdə, uzaq kəndlərdə bütün enerji infrastrukturu ən yüksək səviyyədə olmalıdır”.
Bakıdakı ənənəyə sadiq qalan “Azərişıq” ASC Azərbaycanın qədim şəhəri olan Gəncədə də gözəl memarlıq abidəsinin yaradılmasına nail olmuşdur. Gəncənin qədim şəhərsalma üslubuna uyğun olaraq tikilən yarımstansiyanın birinci mərtəbəsi daş üzlüklə, ikinci mərtəbəsi isə qırmızı kərpicdən olmaqla xüsusi memarlıq üslubunda inşa edilib. İnşaat işləri zamanı 1200 metr məsafədə asfalt yol salınıb, ətraf abadlaşdırılıb, yaşıllıq zolaqları yaradılıb. Yarımstansiya foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən guşə yaradılıb. Həmçinin 35/6 kV-luq “Nizami” yarımstansiyasında Qərb Regional Tədris Mərkəzi də yaradılmışdır.
Yaradıldığı çox qısa müddət ərzində, 2015-ci ildə “Azərişıq” ASC 3 yeni 110 kV-luq yarımstansiya inşa etmişdir: Bakı şəhərində “Buzovna-2”, Şəki rayonunda “Göynük” və Gədəbəy rayonunda “Gədəbəy”. Bundan başqa, 110 kV-luq 100-ə yaxın yarımstansiya təmir olunmuş, 3 ədəd transformator yenisi ilə əvəz edilmiş və 400 km-yə yaxın EVX təmir olunmuşdur. Ümumilikdə, 25 km kabel xətti, 70 km hava xətti çəkilmişdir. ASC tərəfindən 22 ədəd 35 kV-luq yeni yarımstansiya inşa edilmişdir. Bunlardan
4-ü Bakı şəhərində, 3-ü Bakıətrafı qəsəbələrdə, 1-i Gəncə şəhərində, 2-si Xaçmaz rayonunda, 3-ü Quba rayonunda, 2-si Şabran rayonunda, 3-ü Daşkəsən rayonunda, həmçinin Qəbələ, Sabirabad, Zərdab və Hacıqabul rayonlarının hər birində bir yarımstansiya inşa edilmişdir. Rayonlarda 17 ədəd müasir standartlara cavab verən rayon enerji təchizatı və satış idarələrinin ofisləri tikilmişdir. 35 kV-luq 400-dək yarımstansiya təmir olunmuşdur.
Bundan başqa, regionlarda 1450 ədəd müasir tipli yeni TM və KTM tikilərək quraşdırılıb, 6500-ə yaxın transformator yarımstansiyalarında təmir işləri aparılıb, 24 000 km-yə yaxın elektrik verilişi xətləri təmir edilib, 15 000-dən çox yeni dayaqlar qurulub, 750 km kabel xətti, 2400 km hava xətti çəkilib. 0,4 kV-luq şəbəkələrin yenidən qurulması məqsədilə 2450 km-yə yaxın ÖİN (SİP) kabeli, 552 km kabel, 2000 km hava xətti çəkilib, 110 000-dən artıq dayaq və uçot sisteminin təkmilləşdirilməsi məqsədilə 200 000-ə qədər yeni sayğac komplekti quraşdırılıb.

 

Ucqar dağ kəndlərinin zülmətli gecələri işıq selinə bürünüb

 

Paylayıcı elektrik şəbəkələrində islahatlara başlanmasının 10 illiyi münasibəti ilə 2016-cı ildə “Azərişıq”ASC-nin həyata keçirdiyi tikinti, yenidənqurma işlərinin həcmi əvvəlki illərlə müqayisədə bir neçə dəfə artırılmışdır. Xüsusi ilə nəzərə almaq lazımdır ki, bu işlər əlavə investisiya vəsaitləri cəlb etmədən -”Azərişıq”ASC-nin tam daxili resursları hesabına həyata keçirilir. Hazırda 110 kV-luq şəbəkələr üzrə 12 ədəd - 110 kV-luq, 35 kV-luq şəbəkələr üzrə isə 41 ədəd 35 kV-luq yarımstansiya tikilir. 10 ədəd ofis binasının tikintisi aparılır. Onu da deyək ki, 2006-cı ilə qədər “Bakıelektrikşəbəkə”nin Nərimanov və Xətai rayonlarında yerləşməklə cəmi 2 inzibati binası mövcud idi. 10 il müddətində 50-yə yaxın ofis binaları, yardımçı və texniki əhəmiyyətli bina və qurğular tikilib istifadəyə verilmişdir.
Yeni tikilən yarımstansiyalar isə xüsusi layihə əsasında iki transformatorlu (açıq şəraitdə) olmaqla qapalı tipli tikilir. Yüksək və alçaq gərginlikli xətlərin yarımstansiyaya girişi və çıxışı xüsusi kabel kanalları vasitəsi ilə izolyasiyalı kabellərlə həyata keçirilir. Bu tip yarımstansiyalar daha uzunmüddətli və təhlükəsiz olmaqla dayanıqlıdır.
Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni tip, qapalı komplekt transformator məntəqələri (KTM) ilə əvəz olunur. 2015-ci ildə 1450 ədəd quraşdırılıb, 2016-cı ildə isə 1650 ədəd bu tip KTM-lər quraşdırılmaqdadır. “Azərişıq” ASC Bakı kimi respublikamızın bütün şəhər və rayonları, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində, ən ucqar yaşayış məskənlərində belə, genişmiqyaslı işlər görməkdədir. Zaqatala rayonunun Qalal kəndi 35 illik (!) fasilədən sonra 24 saat dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Bu kənd rayon mərkəzindən 30 km məsafədə, Rusiya ilə sərhəddə yerləşir. Kənd sakinləri 35 il idi ki, işıqsız qalmışdılar! Elektrik enerjisi olmaması səbəbindən burada yaşayan insanlar üçün radio-televiziya əlçatmaz idi. “Azərişıq” ASC yaradıldıqdan sonra bu vəziyyət tamamilə aradan qalxmış, zülmət gecələr işıq selinə bürünmüşdür.
“Azərişıq” ASC müharibə şəraitində olan ölkəmizdə cəbhə bölgəsində yerləşən rayonlara da xüsusi diqqət və qayğı göstərilir. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilir, naqillər, transformatorlar yeniləri ilə əvəz edilir və müasir tipli yarımstansiyalar quraşdırılır. Bu bölgələrin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir.
Bütün yeni tikililər əsasən mövcud yarımstansiya və digər energetika qurğularının ərazisindən səmərəli istifadə etməklə, birbaşa həmin ərazilərdə inşa olunmuşdur. Ümumilikdə, bütün yeni inzibati binalardakı infrastruktur və xidmət mükəmməlliyi ilə seçilir. İşçilərin fasilə zamanı normal istirahəti üçün də hərtərəfli şərait yaradılmışdır.
“Azərişıq” ASC ölkəmizin digər regionlarında da gözəl memarlıq quruluşlu ofis binalarının tikintisini davam etdirir. ASC tərəfindən yerlərdə əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün optimal iş şəraitinin yaradılması istiqamətində işlər davam etdirilir. 18 rayonda yeni ofis binalarının tikintisi başa çatdırılmış, 10 rayonda (Cəlilabad, Sabirabad, Sumqayıt, Ucar, Şəki, Hacıqabul, Qəbələ, Ağsu, Gədəbəy, Goranboy) isə ofis binalarının tikintisi davam edir. Bu binalarda şəbəkə əməkdaşları üçün hər cür şərait yaradılır, iş otaqları müasir avadanlıqlarla, kompüter texnikası və internetlə də təmin edilirlər.

 

Son 10 il ərzində 70 mindən artıq smart tipli sms sayğac quraşdırılıb

 

950 mindən çox elektron-rəqəmsal sayğaclar istismara verilmiş və uçot komplekti ilə təchiz edilmişlər. İlk dəfə olaraq, insan faktoru təsirinin minimallaşdırılması məqsədilə, məsafədən oxunma cihazları olan “Alfa metronika RTU” alış nöqtələrində quraşdırıldı və xüsusi proqram təminatı mərkəzi idarəetmə bazasına inteqrasiya edildi. Hazırda “Elster” tipli sayğaclar, quraşdırılma və istismar yerindən asılı olaraq: saatlıq, sutkalıq, həftəlik və aylıq (cari ay və ya 4 həftə müddəti götürülür) sərfiyyat göstəricilərini virtual yaddaş blokunda toplayır, avtomatik olaraq mərkəzə ötürür (əvvəlcədən qurulmuş virtual ssenari üzrə), eyni zamanda, istənilən müdaxilə və ya istismar şərtlərini pozan şərait yarandığı hallarda sayğac mərkəzə müvafiq xəbərdarlıq (alarmtipli) məlumatlarını da çatdırır. Generasiya olunan informasiyalar şifrələnir, mərkəzə çatdırıldıqda isə deşifrə olunaraq xüsusi cədvəllər şəklində monitorda əks etdirilir. Bu günədək 500-dən çox bu tip sayğaclar quraşdırılmış və uğurla istismar olunur. İnformasiya mübadiləsi prosesinin (uçot avadanlıqları məlumatlarının ümumi bazaya çatdırılması) daha da sürətləndirilməsini təmin etmək məqsədilə, elektron sayğac göstəricilərini on-line (davamlı-xəttə qoşulu) rejimdə işləyən və daxil edilmiş məlumatı birbaşa GPRS kanalı ilə Mərkəzi Abonent Bazasına ötürə bilən “CASİO” markalı əl terminallarının tətbiqi uçota nəzarəti və ümumilikdə enerji satış işinin səmərəliliyini daha da artırmışdır. Belə ki, sayğac oxunma prosesi ilə yanaşı, abonent bazasındakı məlumatlar da (“abonent haqqında məlumat vərəqəsi” səhifəsi) avtomatik yenilənir, bununla da enerji sərfiyyatı miqdarının lokal və total dəyərinin proqnozlaşdırılması, şəbəkəyə yeni qoşulacaq istehlakçıların güc göstəricilərinin qabaqcadan təyin edilməsi və s. üçün əlverişli şərait yaranır.
2011-ci ildən tətbiqinə start verilmiş SMS Smart sayğacların istismarını tam şəkildə həyata keçirmək məqsədilə, müəssisənin intellektual texnologiyalar mütəxəssisləri tərəfindən xüsusi SİMS proqram təminatı işlənib hazırlanıb. Bu proqram vasitəsilə SMS Smart sayğacların oxunması, balans artırılması, alarm - xəbərdarlıq mesajlarının alınması, məsafədən tarif cədvəlinin qurulması, abonentin ödənişləri/sərfiyyatı (gündəlik, həftəlik, aylıq,yarım illik və illik) haqda tam məlumatların alınması/verilməsi, abonentin mobil telefonuna faydalı məlumatların ötürülməsi təmin edilir. SMS Smart tipli sayğaclar GSM - mobil rabitə kanalı vasitəsilə, şifrələnmiş informasiya mübadiləsi rejimində fəaliyyət göstərir və funksional imkanları tətbiq şəraitinə uyğun qabaqcadan proqramlaşdırılır. 2011-2016-cı illər ərzində 70 mindən artıq SMS Smart sayğac paytaxt rayonlarında və ölkəmizin müxtəlif regionlarında quraşdırılıb və uğurla istismar edilir.

 

Dispetçer idarəetməsi

 

Prezident İlham Əliyevin 2011-ci ildə açılışında iştirak etdiyi Mərkəzi Dispetçer Xidməti şirkətin ən uğurlu layihələrindəndir. Yeni tikilən və əsaslı şəkildə yenidən qurulan yarımstansiyalar SCADA (elektrik avadanlıqlarının vəziyyətinə nəzarət və idarəetmə) sisteminə qoşulur. 110 və 35 kV-luq yarımstansiyaların SCADA sisteminə keçməsi ilə onların uzaq məsafədən operativ idarə olunması təmin edilir. Bu sistem kompüter bazası əsasında qurulan və proqramlaşdırılan avtomatik uzaqdan idarəetmə sistemidir. Onun əsas funksiyası şəbəkəni və ya enerji sistemini operativ idarə edən dispetçerlə idarə olunan şəbəkə arasında birbaşa vizual əlaqə yaratmaqdan ibarətdir. SCADA vasitəsilə şəbəkənin elektrik avadanlıqlarına nəzarət və onları idarə etmək, təcili operativ əməliyyatlar həyata keçirmək, şəbəkədə gedən prosesləri təhlil etmək, hesabatlar hazırlamaq mümkündür. Bu sistemə qoşulan yarımstansiyalarda qəza baş verərsə, SCADA sistemində dərhal vizuallaşır. Dispetçer isə qəzanın baş verdiyi elektrik avadanlığını təyin edir, qəzanın yaranma səbəblərini aydınlaşdırır, hadisənin nəticələrinin qısa zaman çərçivəsində aradan qaldırılmasını həyata keçirir.
Abonentlərinə müxtəlif elektron xidmətlər də göstərən “Azərişıq” ASC-nin fəaliyyətində kadr siyasətinə xüsusi diqqət verilir. Ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlardan istifadə, eləcə də şəbəkənin inkişaf tempinin ildən-ilə sürətlənməsi və işin həcminin durmadan artması müasir tələblərə cavab verən yüksək ixtisaslı işçilərin sayının artırılmasını və fəaliyyətdə olan kadrların ixtisasının daha da təkmilləşdirilməsi üçün respublikamızda ilk dəfə elektroenergetika sahəsində müasir tələblərə cavab verən tədris mərkəzi yaradılıb.
Bir sözlə, “Azərişıq” ASC öz missiyasını - istehlakçıların dayanıqlı, fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsini daim şərəflə yerinə yetirir. Dövlətimizin dəstəyi ilə “Azərişıq” ASC kollektivi kənd, qəsəbə və respublikamızın rayon və şəhərlərində paylayıcı elektrik şəbəkələrinin bərpası və yenidənqurma işlərini yaxın gələcəkdə uğurla həyata keçirəcəkdir.

 

Baba RZAYEV,
“Azərişıq” ASC-nin sədri

 

Azərbaycan Qəzeti,
10 avqust 2016-cı il.