• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

“Azərişıq” ASC-nin Tədris Mərkəzi ilə Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsinin bağlanması haqqında PRESS-RELİZ

Paylaşma tarixi: 23 fevral 2017


23 fevral 2017-cı il tarixində “Azərişıq” ASC-nin Tədris Mərkəzində respublikanın elektroenergetika ixtisası üzrə kadr hazırlayan daha bir ali təhsil müəssisəsi - Sumqayıt Dövlət Universiteti ilə Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi bağlanılıb.

 

İmzalanma mərasimində hər iki tərəfin əməkdaşları  və professor-müəllim heyəti iştirak etdilər.

 

 

 

 

Tədris Mərkəzinin direktoru Vüqar Əliyev çıxış edərək Sumqayıt Dövlət Universiteti ilə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını və bu əlaqələringələcəkdə daha da genişləndirilməsi üçün lazimi tədbirlərin həyata keçiriləcəyini vurğuladı.

 

Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov Tədris Mərkəzinin dünyanın ən qabaqcıl avadanlıqları ilə təchiz edilmiş müasir laboratoriyalara və beynəlxalq standartlara cavab verən tədris metodikasına malik olduğunu qeyd edərək, bu əməkdaşlığın Sumqayıt Dövlət Universitetinin tələbələri üçün geniş imkanlar açacağını söylədi.

 

Bu əməkdaşlıqda əsas məqsəd “Azərişıq” ASC-nin  maddi-texniki bazasından, müasir tədris və istehsalat laboratoriyalarından təhsil alan tələbələrin yararlanmasını təmin etmək, xüsusi ilə elektroenergetika sahəsində gələcək çağırışlara və real inkişafa cavab verəcək elmi potensialın istehsalata inteqrasiyasına nail olmaq, həmçinin Sumqayıt Dövlət Universitetinin elmi potensialını stimullaşdırmaqdan ibarətdir.

 

Əməkdaşlıq istiamətləri aşağıdakılardan ibarətdir:

1. Qarşılqlı əməkdaşlıq şəraitində hər iki tərəfin elmi-texniki və tədris bazalarından istifadə.

2. Uyğun ixtisaslar üzrə bakalavrlat səviyyəsində təhsil alanların istehsalat təcrübələrinin, uyğun ixtisaslaşmalar üzrə isə magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili.

3. “Azərişıq” ASC-nin cari və perspektiv inkişaf məsələlərinə həsr olunmuş mövzularda buraxılış işlərinin və magistr dissertasiyalarının müştərək rəhbərliklə hazırlanması.

4. Təhsil alanlar üçün kursların təşkil olunması, müvafiq sertifikatlaşmanın təmin edilməsi və “Azərişıq” ASC-də işlə təmin olunması.

5. SDU-nun professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün “Azərişıq” ASC-nin laboratoriyalarında müvafiq şəraitin yaradılması.

6. ”Azərişıq”ASC-nin istehsalat və digər sahələrdə elmi-texniki məsələlərin həllində tərəflərin birgə iştirakı.

7. SDU-nun doktorant və dissertantlarının elmi-tədqiqat işlərinin “Azərişıq” ASC üçün aktuallıq kəsb edən mövzulara həsr olunmasının təşkili.

8. Yeni ixtisaslar üçün nəzərdə tutulan texniki ədəbiyyatın birgə hazırlanması.

9. SDU-nun beynəlxalq əlaqələr üzrə həyata keçirilən layihələrində “Azərişıq” ASC-nin tərəfdaş kimi iştirak etməsi.

10. SDU-nun əməkdaşlarının “Azərişıq” ASC-nin Tədris Mərkəzində kadr hazırlığına cəlb edilməsi.

11. ”Azərişıq”ASC-nin mütəxəssisləri tərəfindən universitet tələbələri üçün seçmə mühazirələrin təşkili.

12. SDU-nun professor-müəllim heyətinin ”Azərişıq”ASC-nin Tədris Mərkəzində məsləhətçi qismində iş prosesinə cəlb edilməsi.

13. Müxtəlif səviyyəli birgə seminar və konfransların təşkili.

14. Birgə layihələrin işlənməsi, hazırlanması və istehsalata tətbiqi.

15. Beynəlxalq və respublika miqyaslı elmi-texniki sərgilərdə birgə iştrak etmək.

 

İmzalanma mərasimindən sonra Sumqayıt Dövlət Universitetinin rektoru və professer-müəllim heyəti Tədris Mərkəzinin təcrübə bölmələri ilə yaxından tanış oldular. Tədris Mərkəzinin müəllimləri təcrübə bölmələrində yerləşdirilən müasir elektrik avadanlıqları və cihazları haqda qonaqlara ətraflı məlumat verdilər.

 

 

Qeyd etmək olar ki, mövcud kadr potensialının günün tələblərinə uyğun təkmilləşdirilməsi və yeni gənc kadrların müasir səviyyədə hazırlanması  “Azərişıq” ASC Tədris Mərkəzinin başlıca prioritetidir. Bu məqsədlə Mərkəzdə kadr hazırlığı keyfiyyətinin yüksəldilməsi üçün müasir dövrün tələblərinə cavab verən, elektroenergetika sahəsində dünyanın ən qabaqcıl texnologiyaları ilə təchiz edilmiş tədris bazası formalaşdırılıb.

 

Tədris Mərkəzində tədris prosesi inkişaf etmiş Avropa ölkələrinin qabaqcıl tədris texnologiyası olan dual tədris metodikası əsasında -  tədrisin təhsil müəssisəsində istehsalat fəaliyyəti ilə birgə aparılması  prinsipinə əsaslanır. Dual sistem üzrə tələbə, təhsil müddətinin 70%-ni praktiki vərdişlər, əldə etmək üçün təcrübəli mütəxəssis nəzarəti altında müəssisədə, 30%-nı isə nəzəri biliklər əsasında keçirlər.

 

Birbaşa laboratoriya və  yarımstansiyalarda, elektrik paylayıcı şəbəkələrdə aparılan tədris prosesi orada işləyən, yüksək səviyyədə təcrübəsi olan usta, texnik və mühəndislər tərəfindən aparılır. Bu personalın tədris dili belə birbaşa istehsalatın gündəlik fəaliyyətini əks etdirir.

 

Eyni zamanda Tədris Mərkəzi elektroenergetika sahəsi üzrə keyfiyyətli kadr potensialı hazırlanması sahəsində respublikanın digər ali və orta texniki təhsil müəssisələri ilə də əməkdaşlıq edir.

 

Belə ki, respublikanın elektroenergetika ixtisası üzrə kadr hazırlayan ali təhsil müəssisələri – Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan  Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq müqavilələri bağlanılıb və müvafiq istiqamətlərdə birgə layihələr həyata keçirilir. Əsasən bu təhsil müəssisələrinin tələbələri Tədris Mərkəzinin Bakı və Gəncə şəhərlərində olan korpuslarında, laboratoriya şəraitində dərs keçirlər.

 

Eyni zamanda  qonaqlar  Tədris Mərkəzində  istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Neft və Sənaye  Universitetinin və Azərbaycan  Texniki Universitetinin tələbələri ilə görüşdülər və istehsalat təcrübəsinin gedişini izlədilər.

 

 

 

Sonda Sumqayıt Dövlət Universitetinin rektoru və professor-müəllim heyəti belə bir görüşün təşkili üçün Tədris Mərkəzinin rəhbərliyinə öz təşəkkürlərini bildirərək, Tədris Mərkəzində yaradılan şəraitdən çox məmun olduqlarını söylədilər.

 

Əmink ki, bu əməkdaşlıq da hər iki müəssisə üçün çox faydalı olacaqdır.