• Azerbaijan
  • English
  • Russian

News

“Azərişıq” ASC-nin Qərb Regional Tədris Mərkəzi fəaliyyətə başladı

Publication date: 14 march 2016


        “Azərişıq” ASC regional şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər onların idarə edilməsi, normativlərə əməl olunmaqla  qurulması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Belə ki, kadrların təkmilləşdirilməsi, yenidən hazırlanması məqsədi ilə davamlı olaraq stasionar və səyyar treninqlər təşkil edilir. Gənc kadrlar xüsusi layihə çərçivəsində Səhmdar Cəmiyyətin müasir maddi-texniki bazası olan  Tədris Mərkəzində təkmilləşdirilərək rayon və şəhər elektrik şəbəkələrində müxtəlif istiqamətlər üzrə işə qəbul olunurlar.

 

Kadrların təkmilləşdirilməsi və yenilərinin hazırlanması işinin daha yaxından qurulması üçün Gəncə şəhərində yeni tikilmiş “Nizami” yarımstansiyasında “Azərişıq” ASC-nin Qərb Regional Tədris Mərkəzi yaradılıb. Mərkəz, beynəlxalq standartlara cavab verən müasir  maddi-texniki baza ilə təmin edilib. Məqsəd region üzrə gedən yenidənqurma işlərinə uyğun olaraq, müvafiq şəbəkədə çalışan kadrların təkmilləşməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə fəaliyyəti təmin etməkdir.

 

 

 

 

Regional Tədris Mərkəzində aşağıdakı təcrübə bölmələri fəaliyyət göstərir:

* 6/0,4 kV-luq paylayıcı sistem
          * Rele Mühafizəsi və Avtomatika
          * Əməyin mühafizəsi və təhlükəsizlik texnikası
          * Uçota nəzarət sayğaclarının test və idarəetmə sistemləri
          * Kabel armaturlarının quraşdırılması, istismarı və təmiri
          * Elektrik avadanlıqlarının sınağı və diaqnostikası
          * 35 kV-luq Hava xətti trinajoru
          * ÖİN(SİP) komplekti

 

 

Tədris Mərkəzi  20-dən  artıq elektroenergetikanın müxtəlif ixtisas sahələrini əhatə edən yeni  dərs vəsaitləri, eləcədə şəbəkəyə tətbiq olunan müasir avadanlıqların xarakteristikası və  iş prinsipi üzrə metodik praktikumlarla təmin olunub.

 

Yeni yaradılan Tədris Mərkəzindən Qərb regionu ilə yanaşı Şimal-Qərb və Mərkəzi Aran regionlarının əməkdaşları da yararlana biləcəklər.

 

 

Mərkəzdə tədris işləri abonentlərlə daim ünsiyyətdə olan nəzarətçi mühəndis kadrların hazırlanması layihəsi ilə başlayıb. Xüsusən diqqəti cəlb edən nəzarətçi qrupun zərif cinsin nümayəndələrindən təşkil edilməsidir. Qadın nəzarətçi mühəndis layihəsi “Azərişıq” ASC tərəfindən ilk dəfə bir il əvvəl Bakı şəhərində tətbiq edilib və nəticəsi də müsbət olub.  Regionlarda da elektrik şəbəkəsinin modernləşməsinin ardınca kadr sahəsində bu addım atılır. Artıq Gəncə şəhərində “Azərişıq” ASC tərəfindən müsabiqə ilə seçilmiş qadınları “Uçotun təşkili” üzrə xüsusi kurs keçməklə 11 nəfər (1-i Göygöl EŞ- nə olmaqla) nəzarətçi mühəndis işinə qəbul ediliblər.

 

Bu layihə elektrik şəbəkələrinin istismarında, xüsusilə enerji satışı sahəsində tətbiq edilən uçot sisteminin qadın əməyi üçün tamamilə rahat şəkildə icra edilməsini təsdiq etmiş olur.

 

        Hazırda Qərb Regional Tədris Mərkəzində  digər sahələr üzrə müdavim qəbulu davam edir. Tədris Mərkəzinin tədris işinin təşkilinə Bakı ilə yanaşı regionların da təcrübəli energetikləri müəllim kimi cəlb edilir.

 

        “Azərişıq” ASC qarşıdakı illərdə kadr işinin daha təkmil hala gətirilməsi üçün ölkəmizin digər regionlarında da bu sayaq tədbirlərin görülməsi və yeni tədris mərkəzlərinin yaradılmasını planlaşdırır.

                                                                       

                                                                               

 

                                                                                                                                              

 

 

 “Azərişıq” ASC-nin Mətbuat Xidməti