Azərbaycan Respublikasının Nazirlər Kabineti Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə Qərar # 80

Bakı şəhəri, 10 iyun 2003-cü il

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 noyabr tarixli, 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair müqaviləni əsas tutaraq və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və "Azərenerji" SC ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-yə 2002-ci ildə birinci dərəcəli istehlakçılar (elektrik enerjisi təchizatının kəsilməsinə icazə verilməyən), məskunlaşmamış qaçqın və məcburi köçkünlər tərəfindən elektrik enerjisi haqqının ödənilməyən hissəsini göstərilən müqavilənin 9.3.3-cü bəndinə uyğun olaraq kompensasiya etmək üçün:

1.1. Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçılar ("Abşeron" RSSC, Bakı Metropoliteni, "Bakı Kanalizasiya" İB), məskunlaşmamış qaçqın və məcburi köçkünlər tərəfindən 2002-ci ildə istehlak edilmiş elektrik enerjisinin dəyərinin "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-yə ödənilməmiş hissəsinin müvafiq üzləşmə aktları ilə təsdiqlənmiş məbləği 66904178,6 min manat səviyyəsində olduğu nəzərə alınsın.

1.2. "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC tərəfindən 2002-ci il ərzində alınan elektrik enerjisinə görə "Azərenerji" Səhmdar Cəmiyyətinə ödəniş faizi bu qərarın 1.1-ci bəndi nəzərə alınmaqla, 60,1% səviyyəsində hesab edilsin.

1.3. "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC tərəfindən 2002-ci il ərzində alınan elektrik enerjisinin ödənilməmiş və müqavilənin tərkib hissəsi olan sazişin 5.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1-dən ödənilməsi nəzərdə tutulmuş hissəsinin 216658598,8 min manat məbləğində olduğu nəzərə alınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Vergilər Nazirliyi müvafiq nazirlik və təşkilatlarla birlikdə bu qərarın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Müqavilənin 9.3.3-cü bəndinə uyğun olaraq "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC tərəfindən 2002-ci ildə istehlak edilmiş elektrik enerjisinə görə "Azərenerji" SC-yə ödənilməyən 66904178,6 min manat məbləğində vəsaiti 2003-cü il 1 iyul vəziyyətinə "Azərenerji" SC-nin Dövlət Neft Şirkətindən aldığı yanacağa görə yaranmış borcun ödənilməsi üçün dövlət büdcəsindən enerji sektoruna edilən dolayı subsidiya hesabına əvəzləşdirilməsi zamanı nəzərə alsınlar.

3. Məskunlaşmamış qaçqın və məcburi köçkünlərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasının 6-cı bəndində "50" rəqəmi 2003-cü il yanvarın 1-dən "150" rəqəmi ilə əvəz edilmiş hesab olunsun.

4. "Azərbaycan Respublikasında elektrik enerjisindən istifadəyə görə büdcə təşkilatlarının normaları və birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli, 199 nömrəli qərarının 4-cü bəndinə aşağıdakı yeni abzas əlavə edilsin:

"Müvafiq nazirlik, idarə və təşkilatlar hər növbəti ilin yanvar ayı ərzində tabeliklərində olan birinci dərəcəli istehlakçıların siyahısını müvafiq enerji təchizatçıları ilə birlikdə dəqiqləşdirsinlər".

5. Qeyd edilsin ki, nazirlik, idarə və təşkilatların rəhbərləri istifadə etdikləri elektrik enerjisinin dəyərinin tam həcmdə ödənilməsində şəxsən məsuliyyət daşıyırlar.

Birinci dərəcəli istehlakçılar hər ay ötən ayda istifadə etdikləri elektrik enerjisi dəyərinin tam ödənilməsini və bu barədə məlumatların Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Maliyyə Nazirliyinə, Sənaye və Energetika Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

"Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda dərc edilmişdir (30 iyun 2003-cü il, # 6, maddə 348) ("VES Consultancy" LLC).

31 yanvar 2006-cı il tarixli, 30 nömrəli; 22 iyul 2006-cı il tarixli, 180 nömrəli qərarlara əsasən dəyişikliklərlə ("VES Consultancy" LLC).