Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması zamanı səhmlərin emissiyasının Qaydaları

Azərbaycan Respublikasının
Prezidenti yanında
Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi Sədrinin
30 avqust 2004-cü il tarixli li
143 ?-li Əmri ilə
təsdiq edilmişdir

Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması zamanı səhmlərin emissiyasının Qaydaları 30.08.2004.

1. Ümumi müddəalar

1.1 Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» Əsasnaməyə uyğun olaraq hazırlanmışdır.

1.2 Bu Qaydalar səhmdar cəmiyyətinin (bundan sonra—emitent) nizamnamə kapitalının artırılması zamanı səhmlərin emissiyası qaydalarını müəyyən edir.

1.3 Bu Qaydalar emitentlərin yenidən təşkil edilməsi, konversiya borcu istiqrazlarının səhmlərə konvertasiyası və səhmlərin nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyasına şamil edilmir.

2. Səhmlərin emissiyasının mərhələləri

2.1 Səhmlərin emissiyası aşağıdakı ardıcıl mərhələlərdən ibarətdir:

2.1.1 emitent tərəfindən səhmlərin emissiyası haqqında qərarın qəbul edilməsi;

2.1.2 səhmlərin emissiya prospektinin tərtib edilməsi (açıq səhmdar cəmiyyətinin səhmlərinin emissiyasında);

2.1.3 səhm buraxılışının dövlət qeydiyyatı;

2.1.4 səhmlərin emissiya prospektində olan məlumatların açıqlanması (açıq səhmdar cəmiyyətinin səhmlərinin emissiyasında);

2.1.5 səhmlərin yerləşdirilməsi;

2.1.6 səhmlərin emissiyasının yekunları haqqında hesabatın dövlət qeydiyyatı;

2.1.7 səhmlərin emissiyasının yekunları haqqında hesabatda olan məlumatların açıqlanması (açıq səhmdar cəmiyyətinin səhmlərinin emissiyasında).

2.2 Səhm buraxılışı dövlət qeydiyyatına alınanadək, həmin səhmlərin reklamı, hər hansı bir investora rəsmi təklif edilməsi və emissiya prospektinin potensial investorlara təqdim edilməsi qadağandır.

3. Səhmlərin emissiyası haqqında qərar

3.1 Səhmlərin emissiyası emitentin nizamnamə kapitalının səhmlərin buraxılması yolu ilə artırılması haqqında qərar (bundan sonra—səhmlərin emissiyası haqqında qərar) əsasında həyata keçirilir.

3.2 Hər səhm buraxılışının emissiyası haqqında ayrıca qərar qəbul edilir.

3.3 Səhmlərin emissiyası haqqında qərarda aşağıdakı məlumatlar göstərilməlidir:

3.3.1 emitentin tam adı və olduğu yer;

3.3.2 qərarın qəbul edilməsi tarixi;

3.3.3 qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı;

3.3.4 səhmlərin növü və buraxılış forması;

3.3.5 səhmlərin sayı, nominal dəyəri və məcmu nominal dəyəri;

3.3.6 səhmlərlə təsbit olunan hüquqlar;

3.3.7 səhmlərin yerləşdirilməsi qaydası;

3.3.8 səhmdarlar qarşısında emitentin öhdəlikləri.

3.4 Səhmlərin yerləşdirilməsi qaydasında—səhmlərin yerləşdirilməsi üsulu və qaydası, səhmlərin yerləşdirilməsinin başlanma və başa çatma tarixləri, səhmlərin dəyərinin ödənilməsi şərtləri və qaydası göstərilməlidir.

3.5 Açıq səhmdar cəmiyyətinin səhmlərinin emissiyası haqqında qərarla səsli səhmlərin sahiblərinin, onlarda olan həmin növ səhmlərin miqdarına mütənasib miqdarda yerləşdirilən səhmləri əldə etməkdə üstünlük hüququ (bundan sonra—üstünlük hüququ) müəyyən edilə bilər. Üstünlük hüququnun həyata keçirilməsi qaydası və müddəti səhmlərin emissiyası haqqında qərarda göstərilməlidir.

3.6 Qapalı səhmdar cəmiyyətinin səhmlərinin emissiyası haqqında qərarla səhmlərin əldə olunması təklif olunan şəxslərin dairəsi müəyyən edilməlidir.

4. Səhmlərin emissiya prospekti

4.1 Səhmlərin emissiya prospektində aşağıdakı məlumatlar göstərilməlidir:

4.1.1 emitentin firma adı və təşkilati-hüquqi forması;

4.1.2 poçt indeksləri göstərilməklə, emitentin hüquqi ünvanı və olduğu yer;

4.1.3 emitentin dövlət qeydiyyatına alındığı tarix və dövlət qeydiyyatını həyata keçirmiş orqanın adı;

4.1.4 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən emitentə verilmiş eyniləşdirmə kodu;

4.1.5 emitentin maliyyə ili;

4.1.6 mövcud olduğu müddətdə emitentin firma adında və təşkilati-hüquqi formasında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları və təşkilati-hüquqi formaları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, emitent hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları və təşkilati-hüquqi formaları;

4.1.7 emitentin fiziki şəxs olan hər bir təsisçisinin soyadı, adı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumat;

4.1.8 emitentin hər bir filialının və nümayəndəliyinin adı, olduğu yer və qeydiyyatı haqqında məlumatlar;

4.1.9 emitentin hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar və onun nizamnamə kapitalında emitentin payı;

4.1.10 emitentin direktorlar (müşahidə) şurasının hər bir üzvünün soyadı, adı, atasının adı, emitentin nizamnamə kapitalında payı, emitentdə və emitentdən kənarda tutduğu vəzifələr; direktorlar (müşahidə) şurası olmadıqda isə bunun səbəbləri;

4.1.11 emitentin icra orqanının adı, onun hər bir üzvünün soyadı, adı, atasının adı, emitentin nizamnamə kapitalında payı, emitentdə və emitentdən kənarda tutduğu vəzifələr; emitentin icra orqanının səlahiyyətləri başqa kommersiya təşkilatına verildiyi halda isə, həmin kommersiya təşkilatının firma adı, təşkilati-hüquqi forması, qeydiyyatı haqqında məlumatlar və emitentin nizamnamə kapitalında payı;

4.1.12 emitentin təftiş komissiyasının hər bir üzvünün və ya müfəttişin soyadı, adı, atasının adı, emitentdə və emitentdən kənarda tutduğu vəzifələr;

4.1.13 emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı;

4.1.14 emitentin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan səhmdarlar (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;

4.1.15 nizamnamə kapitalında emitentin payı on faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);

4.1.16 emitentin nizamnamə kapitalının məbləği;

4.1.17 emitentin tədavüldə olan investisiya qiymətli kağızlarının haqqında məlumat (investisiya qiymətli kağızların növü və forması, sayı, nominal dəyəri, investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi, qeydiyyat tarixi və qiymətli kağızlarla təsbit olunan hüquqlar);

4.1.18 emitent təsis edildiyi tarixdən və ya son beş maliyyə ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hər maliyyə ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir);

4.1.19 müstəqil auditorun hesabatı ilə birlikdə, emitentin sonuncu balansı və toplu maliyyə hesabatı;

4.1.20 səhmlərin emissiyası haqqında qərarın tarixi, nömrəsi və onu qəbul etmiş orqanın adı;

4.1.21 emissiya edilən səhmlərin növü, forması, sayı, nominal dəyəri və məcmu nominal dəyəri, onlarla təsbit olunan hüquqlar;

4.1.22 səhmlərin yerləşdirilməsi qaydası, səhmlərin yerləşdirilməsinin başlanma və başa çatma tarixləri, səhmlərin dəyərinin ödənilməsi şərtləri və qaydası;

4.1.23 üstünlük hüququ tətbiq edildiyi halda, həmin hüququn həyata keçirilməsi qaydası və müddəti, yaxud üstünlük hüququnun tətbiq edilmədiyi barədə qeyd;

4.1.24 səhmlərin yerləşdirilməsinin həyata keçiriləcəyi fond birjasının firma adı və olduğu yer;

4.1.25 səhmlərin yerləşdirilməsində iştirak edəcək anderrayterin firma adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət;

4.1.26 səhm sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən aparıldığı halda, həmin peşəkar iştirakçının firma adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət və ya reyestrin emitent tərəfindən aparıldığı barədə qeyd;

4.1.27 səhmlərin saxlanması və onlara hüquqların uçotu depozitar tərəfindən aparıldığı halda, həmin depozitarın firma adı, olduğu yer, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət;

4.1.28 səhmlərin əldə edilməsində məhdudiyyətlər olduqda, bu barədə məlumat.

4.2 Emitent qanunvericiliyə zidd olmayan digər məlumatı səhmlərin emissiya prospektinə daxil edə bilər.

4.3 Hər səhm buraxılışı üçün ayrıca emissiya prospekti tərtib edilir.

4.4 Səhmlərin emissiya prospektinin titul vərəqi bu Qaydaların 2?-li əlavəsinə uyğun olaraq tərtib edilir. Səhmlərin emissiya prospektinin səhifələri nömrələnməli, tikilməli və emitentin möhürü ilə təsdiq edilməlidir.

5. Səhm buraxılışının dövlət qeydiyyatı

5.1 Səhm buraxılışlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra—QKDK) tərəfindən həyata keçirilir.

5.2 Səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün emitent aşağıdakı sənədləri QKDK-ya təqdim etməlidir:

5.2.1 bu Qaydaların 1?-li əlavəsinə uyğun olaraq tərtib edilmiş ərizəni;

5.2.2 səhmlərin emissiyası haqqında qərarın qəbul edildiyi səhmdarların ümumi yığıncağının protokolunun emitent tərəfindən təsdiq olunmuş surətini;

5.2.3 səhmlərin emissiya prospektinin iki nüsxəsini (açıq səhmdar cəmiyyətinin səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün);

5.2.4 səhmlər sənədli formada olduqda səhmlərin sertifikatının nümunəsini;

5.2.5 səhmlərin emissiya prospektinin dövlət qeydiyyatına alınması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi (açıq səhmdar cəmiyyətinin səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün).

5.3 Sənədli formada olan səhmlərin sertifikatları bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılığa (lisenziyaya) malik olan mətbəələr tərəfindən hazırlanmalıdır.

5.4 Səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün QKDK-ya təqdim edilmiş sənədlərdə göstərilən məlumatların tamlığına və dürüstlüyünə görə məsuliyyəti emitentin həmin sənədləri imzalamış vəzifəli şəxsləri daşıyır.

5.5 Səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün sənədlər təqdim edildiyi tarixdən etibarən on beş iş günündən gec olmayaraq, QKDK səhm buraxılışının dövlət qeydiyyatını həyata keçirir və ya səhm buraxılışının dövlət qeydiyyatına alınmasından imtina edir.

5.6 İki və daha artıq sayda səhm buraxılışlarının eyni vaxtda dövlət qeydiyyatına alınmasına yol verilmir.

5.7 Səhm buraxılışı dövlət qeydiyyatına alındıqda, QKDK tərəfindən emitentə səhm buraxılışının dövlət qeydiyyatı haqqında şəhadətnamə, habelə açıq səhmdar cəmiyyətinin səhm buraxılışı dövlət qeydiyyatına alındıqda, səhmlərin emissiya prospektinin QKDK tərəfindən təsdiq edilmiş bir nüsxəsi verilir.

5.8 Səhm buraxılışının dövlət qeydiyyatına alınmasından imtina edildikdə, QKDK tərəfindən emitentə imtinanın əsasları göstərilməklə bildiriş verilir.

5.9 QKDK səhm buraxılışının qeydiyyata alınmasından aşağıdakı əsaslarla imtina edə bilər:

5.9.1 səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün QKDK-ya təqdim olunmuş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə;

5.9.2 səhmlərin emissiyası haqqında qərara və ya səhmlərin emissiya prospektinə (səhm buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatlar daxil edildikdə;

5.9.3 emitentin səhmlərinin əvvəlki emissiyasının yekunları haqqında hesabat dövlət qeydiyyatından keçmədikdə;

5.9.4 emitent tərəfindən qiymətli kağızlar bazarında ciddi qanun pozuntularına yol verildikdə.

5.10 Səhm buraxılışının dövlət qeydiyyatına alınmasından imtina edildikdə, QKDK-ya təqdim olunmuş sənədlər geri qaytarılmır.

5.11 Emitent səhm buraxılışının dövlət qeydiyyatına alınmasından imtinadan məhkəmə qaydasında şikayət edə bilər.

6. Səhmlərin yerləşdirilməsi

6.1 Emitent səhmlərini yerləşdirmək hüququnu onların buraxılışı dövlət qeydiyyatına alındığı andan əldə edir.

6.2 Açıq səhmdar cəmiyyəti səhmlərini yerləşdirməzdən əvvəl səhmlərin emissiya prospekti ilə tanış olmaq üçün zəruri olan şəraiti yaratmalı və emissiya prospektində olan məlumatlarla tanış olmağın mümkün olduğu ünvanı və vaxtı kütləvi informasiya vasitələrində elan etməlidir.

6.3 Səhmlərin emissiya prospekti emitentin ünvanında, səhmlərin satıldığı fond birjasında olmalıdır və tanışlıq üçün emitent və ya yerləşdirməni həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən heç bir ödəniş tələb olunmadan marağı olan şəxslərə təqdim edilməlidir.

6.4 Səhmlərin yerləşdirilməsi səhmlərin emissiyası haqqında qərarda, açıq səhmdar cəmiyyətinin səhmlərinin yerləşdirilməsi, həmçinin səhmlərin emissiya prospektində göstərilən qaydada həyata keçirilir.

6.5 Açıq səhmdar cəmiyyətinin səhmlərinin yerləşdirilməsi kütləvi təklif üsulu ilə həyata keçirilir.

6.6 Səhmlərin emissiya prospektində olan məlumatların açıqlanması başlandığı tarixdən etibarən azı on beş gün bitənədək səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsinin başlanmasına yol verilmir.

6.7 Səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsi fond birjasında həyata keçirilir.

6.8 Kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin dəyəri yalnız pulla ödənilə bilər.

6.9 Qapalı səhmdar cəmiyyətinin səhmlərinin yerləşdirilməsi qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir.

6.10 Səhmin dəyəri ilk sahibi tərəfindən ödənildiyi tarixdən etibarən on beş gündən gej olmayaraq, emitent onun sahibi haqqında məlumatın səhmdarların reyestrinə daxil edilməsini (adlı səhmlərin yerləşdirilməsi halında), habelə sənədsiz formada olan səhmlərin onların sahiblərinin «depo» hesablarına köçürülməsini təmin etməlidir.

6.11 Səhmdar sənədli səhmin dəyəri tam ödənildikdən sonra həmin səhmin sertifikatını almaq üçün emitentə müraciət edə bilər. Həmin müraciət daxil olduğu tarixdən etibarən on beş gündən gec olmayaraq, emitent səhm sertifikatının səhmdara verilməsini təmin etməlidir.

6.12 Qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən səhmlərin dəyərinin ödənilməsinə yönəldilmiş pul olmayan əmlakın qiymətləndirilməsi emitentin səhmdarları arasında razılaşmaya əsasən yerinə yetirilməli və auditdən keçirilməlidir.

6.13 Yerləşdirilən səhmlərin miqdarı həmin səhmlərin emissiyası haqqında qərarda və emissiya prospektində göstərilən miqdarından çox olmamalıdır.

6.14 Emitent səhmlərin emissiyası haqqında qərarda və ya emissiya prospektində göstəriləndən az sayda səhmlər yerləşdirə bilər.

6.15 Səhmlərin emissiyasının baş tutmuş hesab edilməsi üçün əsas olan yerləşdirilmiş hissəsi yerləşdirilən səhmlərin miqdarının əlli faizini təşkil edir.

6.16 Açıq səhmdar cəmiyyətinin səhmlərinin emissiyasının baş tutmuş hesab edilməsi üçün əsas olan səhm hissəsinin yerləşdirilməsi səhm buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən etibarən bir ildən gec olmayaraq başa çatmalıdır.

6.17 Səhmlərin nominal dəyərdən aşağı qiymətlə yerləşdirilməsinə yol verilmir.

7. Səhmlərin yerləşdirilməsi haqqında hesabat

7.1 Emitent səhmlərin yerləşdirilməsi zamanı QKDK-ya səhmlərin yerləşdirilməsi haqqında hesabat təqdim etməlidir.

7.2 Səhmlərin yerləşdirilməsi haqqında hesabat bu Qaydaların 3?-li əlavəsinə uyğun olaraq tərtib edilir.

7.3 Səhmlərin yerləşdirilməsi haqqında hesabat səhm buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən etibarən səhmlərin yerləşdirilməsi başa çatanadək, hər altı aydan bir təqdim edilir.

7.4 Səhmlərin yerləşdirilməsi haqqında hesabat, hesabat dövrü bitdiyi tarixdən etibarən on gündən gec olmayaraq QKDK-ya təqdim olunmalıdır.

8. Səhmlərin emissiyasının yekunları haqqında hesabatın dövlət qeydiyyatı

8.1 Səhmlərin yerləşdirilməsi başa çatdığı tarixdən etibarən otuz gündən gec olmayaraq emitent səhmlərin emissiyasının yekunları haqqında hesabatı, onun dövlət qeydiyyatına alınması üçün ərizə ilə birlikdə QKDK-ya təqdim etməlidir.

8.2 Səhmlərin emissiyasının yekunları haqqında hesabatın dövlət qeydiyyatına alınması üçün ərizə bu Qaydaların 4?-li əlavəsinə uyğun olaraq tərtib edilir.

8.3 Səhmlərin emissiyasının yekunları haqqında hesabat bu Qaydaların 5?-li əlavəsinə uyğun olaraq tərtib edilir. Səhmlərin emissiyasının yekunları haqqında hesabatın səhifələri nömrələnməli, tikilməli və emitentin möhürü ilə təsdiq edilməlidir.

8.4 Qeydiyyatdan imtina üçün əsas olmadıqda, səhmlərin emissiyasının yekunları haqqında hesabat təqdim edildiyi tarixdən etibarən on beş iş günündən gec olmayaraq, QKDK onun dövlət qeydiyyatını həyata keçirir.

8.5 Səhmlərin emissiyasının yekunları haqqında hesabat dövlət qeydiyyatına alındıqda, QKDK tərəfindən emitentə bu barədə bildiriş verilir.

8.6 QKDK səhmlərin emissiyasının yekunları haqqında hesabatın qeydiyyata alınmasından, həmin səhmlərin emissiyasında qanun pozuntularına yol verildikdə imtina edə bilər.

8.7 Səhmlərin emissiyasının yekunları haqqında hesabatın dövlət qeydiyyatına alınmasından imtina edildikdə, QKDK tərəfindən emitentə bu imtinanın əsasları göstərilməklə bildiriş verilir.

8.8 Səhmlərin emissiyasının yekunları haqqında hesabatın dövlət qeydiyyatına alınmasından imtina səhmlərin emissiyasının baş tutmamış hesab edilməsi üçün əsasdır.

8.9 Emitent səhmlərin emissiyasının yekunları haqqında hesabatın dövlət qeydiyyatına alınmasından imtinadan məhkəmə qaydasında şikayət edə bilər.

8.10 Açıq səhmdar cəmiyyətinin səhmlərinin emissiyasının yekunları haqqında hesabatda olan məlumatlar həmin hesabat dövlət qeydiyyatına alındığı tarixdən etibarən yeddi gündən gec olmayaraq emitent tərəfindən kütləvi informasiya vasitələrində açıqlanmalıdır.

9. Səhmlərin emissiyasının dayandırılması və baş tutmamış hesab edilməsi

9.1 Səhmlərin emissiyası aşağıdakı əsaslarla QKDK tərəfindən dayandırıla bilər:

9.1.1 qeydiyyata alınmış emissiya şərtlərinin və mövcud qanunvericiliyin səhmlərin emissiyası ilə bağlı olan tələbləri pozulduqda;

9.1.2 səhmlərin dövlət qeydiyyatından keçmiş sayından çox yerləşdirildikdə.

9.2 Səhmlərin emissiyasının dayandırılması haqqında QKDK tərəfindən emitentə dayandırmanın əsasları göstərilməklə bildiriş verilir.

9.3 Səhmlərin emissiyasının dayandırılması haqqında bildiriş aldıqdan dərhal sonra emitent kütləvi informasiya vasitələri ilə bu barədə məlumat verməli və səhmlərin emissiyası zamanı yol verilmiş pozuntuların aradan qaldırılmasını təmin etməlidir.

9.4 Səhmlərin emissiyasının dayandırılması üçün əsas olan pozuntular aradan qaldırıldıqdan sonra səhmlərin emissiyası emitentin yazılı müraciəti əsasında QKDK tərəfindən bərpa oluna bilər. Bu zaman səhmlərin yerləşdirilməsi müddəti emissiyanın dayandırıldığı müddətə uzadılır.

9.5 Səhmlərin emissiyası aşağıdakı əsaslarla QKDK tərəfindən baş tutmamış hesab edilə bilər:

9.5.1 səhm buraxılışının əlli faizindən az miqdarda səhmlər yerləşdirildikdə;

9.5.2 səhmlərin emissiya mərhələləri emitent tərəfindən pozulduqda.

9.6 Səhmlərin emissiyası baş tutmamış hesab edildikdə, bu barədə QKDK tərəfindən emitentə emissiyanın baş tutmamış hesab edilməsinin əsasları göstərilən bildiriş verilir.

9.7 Səhmlərin emissiyası baş tutmamış hesab edildiyi zaman investorlara vəsaitlərin qaytarılması qaydası «İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları» ilə müəyyən edilir.

10. Məsuliyyət

Bu Qaydaların tələblərinə riayət etməyən emitentlər və vəzifəli şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

11. Qüvvəyə minməsi

Bu Qaydalar imzalandığı gündən qüvvəyə minir.


1 nömrəli əlavə

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün

Ərizə

________________________________________________________________________________ ________________________________________________________________________________

(Emitentin firma adı)

_______________________________________________________________________________

(Səhmlərin emissiyası haqqında qərar qəbul etmiş orqanın adı)

___________________________________________ tarixli qərarına (…... ?-li protokol) əsasən

(Səhmlərin emissiyası haqqında qərarın tarixi)

______________________________________________________________ üsulu ilə yerləşdirilən

(Səhmlərin yerləşdirilməsi üsulu)

_______________________________________________________________________________

(Səhmlərin nominal dəyəri və miqdarı)

_______________________________________________________________________________

(Səhmlərin növü və forması)

dövlət qeydiyyatına alınmasını xahiş edir.

Qoşma: _________________________________________________________________________

(Səhm buraxılışının dövlət qeydiyyatına alınması üçün ərizəyə əlavə olunan hər sənədin adı, vərəqlərinin və nüsxələrin miqdarı)

________________________________________________________________________________

(Emitentin olduğu yer, poçt indeksi göstərilməklə)

________________________________________________________________________________

(Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərilməklə)

________________________________________________________________________________

(Emitentin kollegial icra orqanı rəhbərinin və ya təkbaşçı icra orqanının vəzifəsi, həmin vəzifəni icra edən şəxsin adı, soyadı və emitentin möhürü ilə təsdiq edilmiş imzası)

________________________________

(Ərizənin tarixi)

 

2 nömrəli əlavə
«Qeydiyyata alınmışdır»
Azərbaycan Respublikasının
Prezidenti yanında
Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi

_______________________________________

(Səhm buraxılışının dövlət qeydiyyat nömrəsi)

_______________________________________

(Səhm buraxılışının qeydiyyat tarixi)

_______________________________________

(QKDK-nın məsul şəxsinin QKDK-nın möhürü ilə təsdiq edilmiş imzası)

 

 

Səhmlərin emissiya prospekti

_______________________________________________________________________________

(Səhmlərin nominal dəyəri və miqdarı)

_______________________________________________________________________________

(Səhmlərin növü və forması)

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu emissiya prospektində olan məlumatların mötəbərliyinə görə məsuliyyət daşımır və onu qeydiyyata almaqla yerləşdirilən səhmlərə öz münasibətini ifadə etmir.

Bu emissiya prospektində olan məlumatlar qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq açıqlanmalıdır.

________________________________________________________________________________

(Emitentin olduğu yer, poçt indeksi göstərilməklə)

________________________________________________________________________________

(Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərilməklə)

________________________________________________________________________________

(Emitentin kollegial icra orqanı rəhbərinin və ya təkbaşçı icra orqanının vəzifəsi, həmin vəzifəni icra edən şəxsin adı, soyadı və emitentin möhürü ilə təsdiq edilmiş imzası)

________________________________________________________________________________

(Səhmlərin emissiya prospektinin tərtib olunduğu tarix)

 

3 nömrəli əlavə

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə səhmlərin yerləşdirilməsi haqqında

Hesabat

Emitentin firma adı: ______________________________________________________________

Səhm buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi: _________________________ ________________________________________________________________________________

Səhmlərin növü və forması: ________________________________________________________

Səhmlərin nominal dəyəri və miqdarı: ________________________________________________

Hesabat dövrü: __________________________________________________________________

Bağlanmış əqdlərin sayı: ___________________________________________________________

Yerləşdirilmiş səhmlərin miqdarı: ___________________________________________________

Səhmlərin yerləşdirilməsindən daxil olan vəsaitin məbləği: _______________________________ ________________________________________________________________________________

Emitentin rəhbərinin vəzifəsi, soyadı, adı və atasının adı: ________________________________ ________________________________________________________________________________

 

4 nömrəli əlavə

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə səhmlərin emissiyasının yekunları haqqında hesabatın dövlət qeydiyyatına alınması üçün

Ərizə

________________________________________________________________________________

(Emitentin firma adı)

______________________________tarixdə dövlət qeydiyyatına alınmış (________________),

(Səhm buraxılışının qeydiyyat tarixi) (Səhm buraxılışının qeydiyyat nömrəsi)

_______________________________________________________________________________

(Səhmlərin nominal dəyəri və miqdarı)

_______________________________________________________________________________

(Səhmlərin növü və forması)

emissiyasının yekunları haqqında hesabatın dövlət qeydiyyatına alınmasını xahiş edir.

Qoşma: səhmlərin emissiyasının yekunları haqqında hesabat.

________________________________________________________________________________

(Emitentin olduğu yer, poçt indeksi göstərilməklə)

________________________________________________________________________________

(Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərilməklə)

________________________________________________________________________________

(Emitentin kollegial icra orqanı rəhbərinin və ya təkbaşçı icra orqanının vəzifəsi, həmin vəzifəni icra edən şəxsin adı, soyadı və emitentin möhürü ilə təsdiq edilmiş imzası)

________________________________________________________________________________

(Ərizənin tarixi)

 

5 nömrəli əlavə

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə səhmlərin emissiyasının yekunları haqqında

Hesabat

Emitentin firma adı: ______________________________________________________________

Səhm buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi: _________________________ ________________________________________________________________________________

Səhmlərin növü və forması: ________________________________________________________

Səhmlərin nominal dəyəri və miqdarı: _______________________________________________

Səhmlərin yerləşdirilməsinin başlanma və başa çatma tarixləri ____________________________ ________________________________________________________________________________

Bağlanmış əqdlərin sayı: ___________________________________________________________

Yerləşdirilmiş səhmlərin miqdarı: ___________________________________________________

Səhmlərin yerləşdirilməsindən daxil olan vəsaitin məbləği: _______________________________ ________________________________________________________________________________

Səhmlərin ən aşağı satış qiyməti: ____________________________________________________

Səhmlərin ən yüksək satış qiyməti: __________________________________________________

Emitentin olduğu yer, poçt indeksi göstərilməklə: ______________________________________

Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərilməklə: ___________ ________________________________________________________________________________

Emitentin rəhbərinin vəzifəsi, soyadı, adı və atasının adı: ________________________________ ________________________________________________________________________________